Qulu Məhərrəmlinin vəsatəti təmin edildi


16:18     01 Aprel 2016 qulu-meherremli33.jpg

Bu gün Yasamal rayon məhkəməsində, hakim Azər Tağıyevin sədrliyi ilə AzTV-nin rəhbəri Arif Alışanovun telejurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı şikayətə baxılıb.


Femida.az xəbər verir ki, bu haqda modern.az saytına jurnalistin nümayəndəsi Nicat Gözəlov məlumat verib.O, bildirib ki, prosesdə Qulu Məhərrəmli və vəkili Cavid Rzazadə iştirak edib:

“Xüsusi ittiham qaydasında şikayət verən şəxsin özünün iştirakı olmadan məhkəmə baxışı keçilməməlidir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs həqiqətən də onun barəsində böhtan və təhqirin olmasını məhkəmədə sübut etməlidir. İndiki mərhələdə onun xüsusi ittihamçı kimi statusu müəyyən olunmadığına görə vəsatət verildi”.

N.Gözəlovun sözlərinə görə məhkəmə vəsatəti təmin edib:

“Məhkəmə vəsatəti təmin etdi. Qərar verildi ki, xüsusi ittiham qaydasına şikayət verən şəxs Arif Alışanovun iştirakı məhkəmədə təmin edilsin. Məhkəmə 1 həftə sonraya təyin edildi”.

Qeyd edək ki, Qulu Məhərrəmli bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalarda AzTv-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib, bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib.

Xatırladaq ki, Arif Alışanov Qulu Məhərrəmliyə cinayət işi açılması ilə kifayətlənməyib. O, Qulu Məhərrəmlidən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib.

Bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edən A. Alışanov məlum müsahibədə şərəf və ləyaqətinin təhqir olunduğunu bildirib və Mülki Məcəllənin 23-cü maddəsinə uyğun olaraq Q. Məhərrəmlinin cərimə olunmasını istəyib. Jurnalistdən 100 min manat tələb edən AzTV sədri ərizəsində bu pulu Körpələr Evinə verəcəyini göstərib.

Nəsimi Rayon Məhkəməsindən işlə bağlı hakim E.Hümbətovun sədrliyi ilə hazırlıq iclasının keçirildiyi bildirilib.

Açar sözlər:

Oxunub: 1365