“Putinin Bakı səfəri hər şeyi sübut edəcək”


17:38     11 İyun 2015 181258_531998520192514_1954624986_n.jpg

“Əlverişli hava şəraiti yay fəslində müharibələrin şiddətlənməsini hər zaman qaçılmaz edir”.

Bu barədə politoloq Elxan Şahinoğlu son günlər Rusiya-Ukrayna arasında müharibə ab-havasının artması barədə danışarkən deyib.

Minsk sazişinin işləkliyini itirməsinə və hər gün pozulan atəşkəsə diqqət çəkən politoloq lokal toqquşmaların müharibəyə çevrilməsi ehtimalını da istisna etməyib: “Bölgədə artıq mövqe döyüşləri başlayıb. Bu, lokal toqquşmalar xarakteri daşıyır və bir az da genişlənsə, bunun qarşısını almaq mümkün olmayacaq. Sanki hər məntəqə uğrunda savaş gedir. Rusiyanın əsas planlarından birinə maneə yaranıb. Saakaşvilinin Odessaya qubernator təyin edilməsi vəziyyəti dəyişib. Çünki o, separatizmin mərkəzə doğru irəliləməsinin və Odessa üzərindən Dnestryanı separatçıları ilə əlaqənin qarşısını alır və alacaq. Bu mənada indi Ukraynada vəziyyət ikiqat ağırlaşıb. Bir tərəfdən separatçılarla yeni toqquşmalar gözlənilir, digər tərəfdən isə Moskva Saakaşvilinin Odessadakı uğurunu müsbət qarşılamır. Demək, orda da müəyyən təxribatların şahidi ola bilərik”.

O, hazırkı reallıqda Amerikanın Ukraynaya silah verməsinin mümkünlüyündən də danışıb:

“Avropa Birliyi və ABŞ bölgədə genişmiqyaslı müharibəni və Rusiya ilə ciddi şəkildə toqquşmanı istəmir. Ancaq NATO-ya üzv qəbul etməsələr də, Kiyevə hərbi dəstək mümkündür. Silahı əsasən Amerika verəcək. Ancaq AB-nin hərbi dəstəyi inandırıcı deyil”.

Politoloq Rusiya-Ukrayna qarşıdurması ilə bağlı iki mühüm məqamı da açıqlayıb: “Əslində Rusiya-Ukrayna müharibəsi heç kimə sərf etmir. Buna görə də Rusiya bundan sonra müharibədən qaçmağa çalışacaq, Ukrayna isə ərazilərində separatçıların “müstəqil bölgə” planlarına qarşı savaşacaq. Əgər Rusiya Krım variantını təkrarlasa, bu dəfə Ukrayna dözməyəcək. Krımın işğalına səbir etdilər, ancaq Rusiya Donbası da özünə qatmaq istəsə, o zaman müharibə qaçılmaz olacaq. Amerika və NATO isə buna qarşılıq verməyə məcbur olacaq. O ki qaldı Moskvanın buna reaksiyasına hər şey önümüzdəki aylarda bəlli olacaq”.

E.Şahinoğlu Rusiya-Ukrayna müharibəsinin Azərbaycana ola biləcək mümkün təsirlərindən də danışıb:

“Bölgə bizə elə də uzaq deyil. Ukrayna hadisələrinin Qafqaza birbaşa təsiri birinci növbədə Rusiyanın separatçılara birbaşa dəstək verməsi ilə bağlıdır, bu isə xoşagələn deyil. Çünki Azərbaycan da nə vaxtsa öz torpaqlarını, güc yolu ilə azad etmək qərarına gələ bilər. Qarabağ məsələsində nə dərəcədə fəal olmaları isə özünü Putinin Bakıya səfərində göstərəcək. Bakı görüşlərində Qarabağla bağlı o qədər də ümidli deyiləm”.

Açar sözlər:

Oxunub: 755


Oxşar xəbərlər