Əməliyyatların dayandırılması nələri vəd edir? - TƏHLİL


17:30     06 Aprel 2016 ermeni%20ordusu%20mehv%20pl23.jpg

Cəbhədə gedən “dördgünlük müharibə”nin ardından aprelin 5-də saat 12.00-dan etibarən tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı. Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.


Əməliyyatların dayandırılması ilə müzakirələr də başlandı. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etdi.

Putin cəbhə xəttindəki son hadisələrlə bağlı bir daha narahatlığını ifadə edib, vəziyyətlə maraqlanıb. Prezident Vladimir Putin atəşkəs rejiminin möhkəmlənməsinin vacibliyini vurğulayıb.



Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfi ilk gündən atəşkəs rejimi ilə bağlı bəyanat verməsinə baxmayaraq, qarşı tərəf döyüş əməliyyatlarını davam etdirib. Dövlətimizin başçısı qeyd edib ki, aprelin 5-i günorta saatlarından başlayaraq atəşkəs rejimi bərpa edilib və əgər bu rejim pozularsa, məsuliyyət Ermənistan tərəfi üzərində olacaq.

Söhbət zamanı dövlət başçıları ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinə bir daha öz dəstəyini ifadə ediblər. Azərbaycan və Rusiya prezidentləri bir daha ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan-İran-Rusiya XİN rəhbərlərinin görüşündə iştirak etmək məqsədilə sabah Bakıya səfərə gələcək. Çox güman ki, həmin görüşlər zamanı cəbhədəki vəziyyət müzakirə olunacaq.

Politoloqlar danışıqların müsbət nəticələrlə yekunlaşacağı qənaətindədirlər.

Politoloq Qabil Hüseynli hesab edir ki, bu gündən etibarən Ermənistan ordusunun hərbi əməliyyatlara nəzarət etmək qabiliyyəti yox dərəcəsindədir:



“Əlbəttə ki, əməliyyatlar dayandırılmasaydı, Azərbaycan ordusu daha böyük uğurlar qazanardı. Qeyd edilməlidir ki, əməliyyatların dayandırılması böyük dövlətlərin təzyiqi nəticəsində mümkün oldu. Bütün bunlara baxmayaraq, “dördgünlük müharibə”nin nəticəsində ordumuz böyük uğurlar qazandı. Əvvəla, həm Dağlıq Qarabağ ərazisindən, həm də digər işğal edilmiş ərazilərdə mühüm strateji yüksəkliklər ələ keçirildi. Bunun nəticəsində ordumuz hərbi əməliyyatlara nəzarət etmək üstünlüyünə sahib oldu. Bu gündən etibarən Ermənistan ordusunun hərbi əməliyyatlara nəzarət etmək qabiliyyəti yox dərəcəsindədir. Çox güman ki, bu vəziyyət danışıqlar prosesinə də təsirsiz ötüşməyəcək. Düşünürəm ki, danışıqlar prosesinin ardından 7 rayon geri qaytarıla bilər. Həmçinin Dağlıq Qarabağda işğaldan azad etdiyimiz ərazilər də bizim əlimizdə qalacaq”.

Politoloq Rasim Musabəyov bildirdi ki, ilk növbədə 5 rayonun işğaldan azad olunması gündəmdə olacaq:



“Düşünürəm ki, bu gündən etibarən mənasız danışıqlar gündəliyə gəlməyəcək. Danışıqlar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasına yönəlmiş şəkildə aparılmalıdır, əks təqdirdə cəbhə xəttində vəziyyətin gərginləşməyəcəyinə heç kəs təminat verə bilməz. Azərbaycan işğaldan azad etdiyi ərazilərin hesabına öz təhlükəsizliyini təmin edib. Erməni ordusunun arxasında boş ərazilər dayanır, Azərbaycan ordusunun arxasında isə xeyli sayda mülki əhali yaşayır. Azərbaycan isə həmin mülki əhalinin təhlükəsizliyini təmin etməli idi. İşğal olunmuş zərbaycan torpaqları mərhələ-mərhələ azad olunmalıdır. İlk növbədə təbii ki, 5 rayonun işğaldan azad olunması gündəmdə olacaq. BMT Təhlükəsizlik Şurasının da bununla bağlı qərarı var. Sonradan digər rayonlarımızın da işğaldan azad olunması istiqamətində tədbirlər görüləcək.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 9220


Oxşar xəbərlər