Ordubadda əmək yarmarkası keçirilib


19:07     25 Aprel 2016 ordubad.jpg

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda 17 təşkilatdan 150-dək boş iş yerinin çıxarıldığı əmək yarmarkasında 24 nəfərə işə göndəriş verilib.


Femida.az xəbər verir ki, tədbirdə çıxış edən Ordubad Rayon Məşğulluq Mərkəzinin direktoru Telman Həsənov muxtar respublikada həyata keçirilən məşğulluq tədbirlərinin əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynadığını bildirib.

Qeyd olunub ki, vətəndaşların səmərəli məşğulluğunun təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının inkişafı muxtar respublikada daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu baxımdan yeni müəssisələrin fəaliyyətə başlamasına, sahibkarlığın inkişaf etdirilməsinə xüsusi önəm verilir. İşaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də muxtar respublikada müntəzəm olaraq keçirilən əmək yarmarkalarıdır. Yarmarkalara hazırlıq dövründə həyata keçirilən təşkilati işlər, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı münasibətlər bu mühüm məşğulluq tədbirində işəgötürənlərin, işaxtaran vətəndaşların fəal iştirakını təmin edib. Ordubad Rayon Məşğulluq Mərkəzi də öz işini bu istiqamətdə qurub.

Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Əli Heydərov çıxışında son illərdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Sonra yarmarkaya gələnlər onlara təqdim olunan vakant iş yerləri ilə tanış olublar.

Açar sözlər:

Oxunub: 1202