Vüqar Bayramov OPEK-in baş katibi ilə görüşdü


15:26     26 Aprel 2016 vuqarbayramov3.jpg

Dünən Vyanada keçirdiyimiz görüşlərdən ikisi daha yadda qalan oldu. Avstriyanın Prezidenti cənab Heinz Fişher bizi çox səmimiyyətlə qarşıladı. Yalnız qlobal deyil, həmçinin regional iqtisadi və siyasi məsələləri müzakirə etdik.


Femida.az xəbər verir ki, bunu Vyanada işgüzar səfərdə olan iqtisadçı alim Vüqar Bayramov şəxsi Feysbuk səhifəsində bildirib. Ekspertin sözlərinə görə, müzakirələrə xüsusi önəm verən prezident hökumətin beynəlxalq ekspertlərlə təklifi etdiyi bu görüşə dərhal razılıq verib:

“BMT-nin Vyanadakı ofislərində və hökumət qurumlarındakı müzakirələrdən sonra OPEK-in mənzil qərargahında bu beynəlxalq qurumun baş katibi Abdulla Səlim Bədri və onun komandası ilə görüşdük. Neft ölkələri üçün maraqlı olacaq məqamlar müzakirə edildi. Təbii ki, OPEK neftin dünya bazar qiymətinin azalmasının səbəbini qeyri-OPEK ölkələrinin hasilatı artırması ilə əlaqələndirir. Baş katibin sözlərinə görə, 2008-2014-cü illər arasında OPEK gündəlik hasilatı cəmi 0,77 milyon barrel artırdığı halda, bu təşkilata üzv olmayan dövlətlərdə istehsal 7,8 milyon barrel artıb. Nəticədə təklif artıqlığı müşahidə edilir. Bununla belə, 2016-cı ildə OPEK üzv olmayan ölkələrdə gündəlik hasilat 0,7 milyon barrel azalacaq. Eyni zamanda, qlobal iqtisadi artımın 3,1 faiz proqnozlaşdırıldığını nəzərə alaraq neftə tələbin gündəlik 1,2 milyon barrel yüksələcəyi gözlənilir. Bununla belə, tələb və təklifin balanslaşdırılması üçün gündəlik hasilatın 1,5 milyon barrel azaldılmasına ehtiyac var”.

İqtisadçı qeyd edib ki, qiymətin necə dəyişəcəyini proqnozlaşdırmaq istəməyən OPEK rəhbərliyi bir barreli orta hesabla 5 dollara başa gələn xam neftin indiki qiymətindən heç də narazı deyil:

“Hiss olunur ki, OPEK qiymətin yüksələcəyi halda yenidən ABŞ-da şist neftinin hasilatı üçün geniş imkanlar yaranacağından ehtiyatlanır. Neft ölkələrində düşünürlər ki, neftin qiyməti 55 dolları keçərsə, o zaman şist neft istehsalı genişlənəcək, ABŞ və Kanada bazarda dominant olacaq. Bu isə yenidən kəskin qiymət azalmaları deməkdir. Buna görə də, OPEK hələlik kəskin qiymət artımlarına həvəsli görsənmir”.

Femida.az

Açar sözlər:

Oxunub: 1298