Atletika kəndində qəza törədən sürücü məhkəmədə


19:23     29 Aprel 2016 atletler%20kendi.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Atletlər kəndinin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Femida.az xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov ifadə verib. O, ifadəsində özünü iş üzrə təqsirli bilməyib.

Sonra polis əməkdaşı, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov ifadə verib. O ifadəsində bildirib ki, hadisə baş verən vaxt işdə olmayıb və sonradan onu aldadıb hadisənin videoyazısını alıblar.

Sonra prosesdə şahid qismində Nəqliyyat Nazirliyinin Nəqliyyat Hərəkətinin Təhlükəsizlik şöbəsinin rəisi Kazım Şərifov və Dövlət Avtmobil Nəqliyyat Xidmətinin rəis müavini Yaqub Novruzov ifadə veriblər. Onlar təqsirləndirilənlərdən yalnız Hüseyn Salmanovu tanıdıqlarını deyiblər. Şahidlər istintaqa verdikləri ifadələrini təsdiqləyiblər.

Məhkəmə prosesinin növbəti iclası mayın 6-da keçiriləcək.

Qeyd edək ki, keçən il iyun ayının 11-də, I Avropa Oyunlarının Atletlər kəndinin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub.

Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və "Təhlükəsiz şəhər" kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub. NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb.

V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Açar sözlər:

Oxunub: 1753


Oxşar xəbərlər