3 may Türkçülük Günüdür


14:32     03 May 2017 ataturk2.jpg

Hər ilin bu günü bütün türklər türk dünyasının böyük şairi və fikir adamı Hüseyn Nihal Atsızın turançılıq iddiası ilə məhkəməyə çəkilməsindən başlayan özünə dönüş gününü qeyd edir.


İlk dəfə 1945-ci il 3 mayda Topxana Həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nehdet Sançar və Reha Oğuz Türkan başda olmaqla 10 nəfər məhkum tərəfindən qeyd olunub. Bundan sonra həmin gün daha geniş miqyas əhatə edərək, türkçülər arasında yüksək səviyyədə qeyd olunub. Azərbaycanda Türkçülük Günü 1992-ci ilin may ayının 3-dən etibarən qeyd olunur. Həmin tarixdə Bakıya gələn Başbuğ Alparslan Türkeşin və milli hərəkat lideri Elçibəyin iştirakı ilə bu bayram Azadlıq meydanında böyük təntənəli şəkildə qeyd olunub. Həmin gündən etibarən, bu bayram Turançılar arasında keçirilməkdədir.

Əli bəy Hüseynzadə və türkçülük …

XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən olan Əli bəy Hüseynzadə bütün dünyada türkçülük ideologiyasının dirçəldən şəxs olub. Əli bəy Hüseynzadə yaşayıb yaratdığı müddət ərzində bacardığı qədər türkçülük ideologiyasını, onun əhəmiyyətini insanlara çatdırmağa çalışmışdır. Onun yaşadığı dövrdə türklər demək olar ki, öz türklüklərini unutmuşdular. Türk xalqlarının nümayəndələri ümumi adla əsasən müslman kimi adlandırılırdılar. Bu vəziyyət Osmanlı ərazisində də eynən bu cür idi. Əli bəy Hüsynzadə insanların türkçülük nə olduğunu bilmədikləri dövrdə onlara türk olduqlarını izah edirdi. Türklərin hansı mədəniyyətə, necə böyük bir tarixi keçmişə, adət-ənənələrə sahib olduqlarını öz yazıları, əsərləri vasitəsilə cəmiyyətə çatdıraraq türk olduğunu unutmuş türklərə türk olduqlarını xatırlatdı. Elə bu səbəblərə görə onun türk dünyasına böyük töhfələr verən və xidmət edən dahi bir şəxsiyyət olduğunu əminiklə deyə bilərik.

Ön Asiya və Altay türkçülüyü ...

Nihat Atsız, Ziya Gökalp, Əli bəy Hüseynzadə kimi şəxslər türkçülük ideologiyasının yaranması və inkişafında böyük rol oynayıblar. Bu ziyalılar türklərin Altaydan gəlib dünyaya səpələndiyi ideyasının üzərində dururlar. Onların təbliğ etdiyi ideya ondan ibarətdir ki, türklər Ərgənəkondan çıxdılar, atlara mindilər, Altaydan gəlib Anadolunu tutdular, min il Avropanın yarısını, Afrikanı idarə elədilər və s. Bu ideologiyaya əks mövqedən yanaşanlar da var. Bu mövqedən yanaşanlar düşünürlər ki, türk etnosu Mərkəzi Asiya və Altayda yox, Ön Asiyada yaranıb. Azərbaycanın tanınmış türkçü alimi Firudin Cəlilov da bu mövqedən yanaşanlardan biridir. Firudin Cəlilov Altay nəzəriyyəsinin özünü doğrultmadığı qənaətindədir.

Türkülüyünün fərqində olan hər kəsin Türkçülük günü mübarək olsun!



Femida.az

Açar sözlər:

Oxunub: 4865