Vyanada razılıq: Kim nə qazandı?


14:50     17 May 2016 1447944371_16.jpg

“Vyanadakı razılıq əvvəlki razılaşmalardan fərqlənir”


İlham Əliyev və Serj Sarkisyan arasında Vyana şəhərində keçirilən görüş başa çatıb. Xatırladaq ki, bu görüş Dağlıq Qarabağ münaqişəsi zonasında 1990-cı illərin ortalarından bu yana ən qanlı döyüşlərin getdiyi aprel hadisələrindən sonra keçirilən ilk görüş idi.

Danışıqlarda ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri, həmçinin Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro və ABŞ-ın dövlət katibi Con Kerri iştirak edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezidentlərin Vyanada keçirilən görüşü barədə jurnalistlərə görüşün təfərrüatları barədə açıqlama verib. Lavrov bildirib ki, İlham Əliyev və Serj Sarkisyan Vyanada keçirilən görüşünün yekununda Dağlıq Qarabağda atəşkəsin əldə edilməsinin zəruri olduğu barədə razılığa gəliblər.

Rusiyanın XİN rəhbərinin sözlərinə görə, Vyanada Dağlıq Qarabağ üzrə danışıqların iştirakçıları regionda 1994-95-ci il sazişi formatında atəşkəsə əməl olunacağına dair razılığa gəliblər. Lavrov onu da qeyd edib ki, Ermənistan və Azərbaycan güzəştlərin axtarılmasının lehinədirlər və bu güzəştlərin ifadə edilməsinə kökləniblər.

Millət vəkili, politoloq Elman Nəsirov hesab edir ki, görüşdə mühüm razılıqlar əldə olundu:

“Əvvəlcə bildirim ki, Vyana görüşü öz tərkibinə görə diqqəti cəlb etdi. Bu görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri ilə yanaşı həmin ölkələrin xarici işlər nazirləri də iştirak edirdi. Fransanı xarici işlər nazirinin müavini, Rusiya və ABŞ-ı isə xarici işlər nazirləri, Avropanı isə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı təmsil edirdi. Bütün bunlar onu göstərir ki, görüş üçün çox yüksək səviyyəli hazırlıq həyata keçirilmişdi. Artıq görüşün ilkin nəticələri ilə bağlı bəyanat gəlib. Bəyanatın mətnindən bəlli oldu ki, ilk növbədə hər iki prezident atəşkəsin qorunub saxlanılması ilə bağlı razılığa gəliblər. Bundan sonra atəşkəsə əməl etmək əsas məsələlərdəndir. Minsk Qrupu həmsədrləri belə razılığa gəldilər ki, təmas xəttindəki hərbi insidentlərin araşdırılması və monitorinqinin aparılması ilə bağlı bir mexanizm yaradılsın. Eyni zamanda əldə olunan razılığa görə, itkin düşmüş şəxslərlə bağlı məlumat mübadiləsi də təkmilləşmiş formada aparılmalı idi”.



Elman Nəsirov qeyd etdi ki, bu görüş prezidentlərin növbəti görüşü üçün zəmin yaratdı. Və qısa zamanda baş tutacaq həmin görüşdə münaqişənin həlli ilə bağlı yekun addımlar atılacaq:

“Görüşdə ən yadda qalan məqam o oldu ki, iyun ayında ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün vaxtını və yerini müəyyən edəcəklər. Sergey lavrovun jurnalistlər üçün verdiyi brifinqdə o da məlum oldu ki, artıq növbəti görüşdə münaqişənin həlli ilə bağlı yekun razılıq əldə olunacaq. Yekun razılaşma iyul ayından sonra bəlli olacaq.

Hər zaman yüksək səviyyəli görüşlərdən sonra Ermənistan tərəfi atəşkəsin pozmaqla bağlı addımları səngitməyə çalışır.

Vyanada daha konkret addımların atılması ilə bağlı gözləntilər var idi. Yəni işğal altında olan Dağlıq Qarabağın hüdudlarından kənardakı 7 rayonun qaytarılması ilə bağlı ümidlər var idi. Hələ ki, biz bunun şahidi olmadıq. Hər halda Lavrovun çıxışından bəlli oldu ki, prezidentlərin yaxın zamanda baş tutacaq növbəti görüşündə daha real addımlar atılacaq”.

Millət vəkili bildirdi ki, atəşkəslə bağlı razılığın əldə olunması əvvəlki razılıqlardan fərqlənirdi:

“Atəşkəsin qorunub saxlanılması indiki reallıqda münaqişənin sülh yolu ilə həll edilməsi üçün şəraitini yaradılması anlamındadır. Aprel döyüşlərinə qədər atəşkəsin qorunub saxlanılması ilə aprel döyüşlərindən sonrakı atəşkəsin qorunub saxlanılması fərqli anlam kəsb edir. Çünki həmsədrlərin hər birinə çox gözəl məlum oldu ki, bu münaqişə dondurulmuş münaqişə deyil. Süni şəkildə münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq mümkün olmayacaq. Bu razılaşma münaqişənin həlli ilə bağlı konkret addımların atılması üçün zəmin yaradacaq. Münaqişənin dinc yolla tənzimlənməsi üçün atəşkəsin qorunub saxlanmasına ehtiyac var. Əgər bu situasiyada Ermənistan yenə atəşkəsi pozmağa davam etsə, heç kəs təminat verə bilməz ki, aprel döyüşləri və ondan qəliz ssenarilər təkrar olunmayacaq. Hesab edirəm ki, Ermənənistan tərəfi də, həmsədrlər də anlayırlar ki, bu atəşkəslə əvvəlki atəşkəs arasında çox böyük fərqlər var”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 15197