“Pul kredit siyasəti bizi narahat edir“ - Vahid Əhmədov


20:35     20 May 2016 vahid1.jpg

“Əvvəlki illərin dövlət büdcəsinin 50 faizi həmişə IV rübdə xərlcənirdi. Lakin 2015-ci ildə bu, 30 faizə düşüb. Eyni zamanda 2015-ci ilin büdcəsində Dövlət Neft Fondundan transferin 20 faiz azaldılması da müsbət haldır”.


Femida.az-ın xəbərinə görə, bu sözləri deputat Vahid Əhmədov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2015-ci il dövlət büdcəsində qənaət rejiminə əməl olunsa da, sosial layihələrə ayrılan vəsait 100 faiz yerinə yetirilib: “Bu, önəmli məsələdir. Cəmiyyətdə ipoteka məsələsi gündəmdədir. 2015-ci ildə məbləğ o qədər də yüksək olmasa da, ipotekanın verilməsi icra olunub. 2016-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı ipoteka və sosial evlərin tikilməsinin ön plana çıxarılmasını təklif edirəm. 2015-ci ilin dövlət büdcəsinin icrasında da intizam tədbirləri qorunub saxlanılıb, yerli gəlirlər faktiki olaraq yerinə yetirilib”.

Millət vəkili çıxışı zamanı Azərbaycanda aparılan pul kredit siyasətinin onları narahat etdiyini vurğulayıb. “Bank sistemində vəziyyət ağırdır. Əhali əmanətlərini geri ala bilmir. Kreditlər verilmir, faizlər yüksəkdir. Buna görə də bank sisteminin sağlamlaşdırılması vacibdir. Bu məsələ bizi narahat edir. Bank sistemində normal işçi vəziyyət yaranmasa, Azərbaycan istiqsadiyyatının inkişafından danışıla bilməz”.

Açar sözlər:

Oxunub: 1083