Türkiyədə rejim dəyişir: Ərdoğanın super-prezidentliyi nələri vəd edir?


15:03     26 May 2016 erd5.jpg

“Türkiyə prezident idarə üsuluna keçərkən ciddi problemlər yaşaya bilər”


Bu sözləri politoloq Elnur Soltanov Türkiyədə yeni idarəetmə üsulunun yaradılması prosesini Femida.az-a şərh edərkən deyib.

Politoloqun fikrincə, Azərbaycana münasibətdə Ərdoğanla Davudoğlu arasında fikir ayrılığı yox idi. Baş nazir dəyişikliyindən sonra da Türkiyənin Azərbaycanla bağlı yeni siyasi xətt cızacağı gözlənilmir:

“Loyallıq nöqteyi nəzərindən Binəli Yıldırım Davudoğlundan bir az öndədir. O, bir növ texnokrat siyasətçidir. Yəni Ərdoğanın qarşısında icraçı kimi davrana biləcək baş nazirdir. Baş nazir dəyişikliyindən sonra Türkiyənin Azərbaycanla bağlı fərqli siyasi mövqe nümayiş etdirəcəyi gözlənilmir. Çünki Davudoğlu baş nazir olduğu dövrdə də Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı baş nazirlə prezidentin fikirləri üst-üstə düşürdü. Rusiya ilə bağlı da bu fikri söyləmək olar. Ərdoğanla Davudoğlu Rusiyaya münasibətdə eyni mövqedən çıxış edirdilər. Ərdoğanla Davudoğlu arasında fikir ayrılığı Suriya məsələsi, Cənub-Şərqdə gedən siyasi proseslərlə, o cümlədən kürd problemi ilə bağlı ola bilərdi. Rusiya və Azərbaycanla bağlı Ərdoğan və Davudoğlu arasında fikir ayrılığı yox idi. Binali Yıldırımın da daha çox Ərdoğanın müəyyən etdiyi yolla davam edəcəyini nəzərə alsaq, Türkiyə-Azərbaycan münasibətlərində dəyişikliyin olmayacağını əvvəlcədən deyə bilərik. Azərbaycana münasibətdə hansısa dəyişiklik Ərdoğanın yeridəcəyi yeni siyasi xətlə bağlı ola bilər”.

Elnur Soltanov onu da qeyd etdi ki, Azərbaycanı tanıyan bir siyasətçi kimi Binəli Yıldırımın baş nazir təyin olunması bizim maraqlarımıza uyğundur:

“Binəli Yıldırım Azərbaycanı çox yaxından tanıyan bir insandır. O, enerji naziri olduğu dövrdə Azərbaycanla Türkiyə arasında nəqliyyat, enerji sahəsində böyük layihələr həyata keçirilib. Bu nöqteyi nəzərdən Binəli Yıldırım Azərbaycanla əlaqələr qurmaqda daha çox təcrübəli siyasətçidir”.

Politoloq Türkiyəni gələcəkdə gözləyən prezident idarə üsulu ilə bağlı fikirlərini bildirdi. O, parlamentar və prezident sistemləri arasındakı fərqləri aşağıdakı kimi izah etdi:

“Türkiyədə ənənəvi olaraq parlamentar sistem olub. Gələcəkdə Türkiyənin prezident respublikasına çevrilməsinin hansı nəticələrə gətirib çıxaracağını söyləmək çox çətindir. Çünki tarixin heç bir dövründə Türkiyə belə praktika ilə idarə olunmayıb. Məsələyə ancaq nəzəri əsaslarla yanaşmaq mümkündür. Superprezidentlik dediyimiz sistem demokratiyanın tam oturuşmadığı bir sistemdir. Bu sistem ayrılıqcı qüvvələrin olduğu ölkələrdə problemlər yarada bilər. Əsas fikir bundan ibarətdir ki, prezident administrasiyası effektivliyi artırır. Demokratiyanın 2 əsas ölçüsü var: effektivlik və təmsilçilik. Effektivliklik nöqteyi nəzərdən prezidentlik sistemi daha uyğundur. Ancaq təmsilçilik nöqteyi nəzərdən parlament sistemi daha uyğundur. Bütöv xalqın, kəsimlərin iradəsinin ifadəsi parlamentdə öz ifadəsini tapır. Bütün xalqın səsinin 1/3 hissəsi ilə de-fakto prezident olmaq mümkündür. Buna görə də super prezident ölkələrinin diktaturaya yaxınlaşması qorxusu yaranır. Vaxtilə Çilidə belə bir problem yaşanmışdı. Avropa ölkələri parlamentar sistemə üstünlük verirlər. Latın Amerikası, eləcə də Şimali Amerika ölkələrində prezident idarəetmə üsuluna üstünlük verilir. Super prezident rejimli ölkələrə isə Meksika, Rusiya kimi ölkələri aid etmək olar. Bu ölkələr demokratiya nöqteyi nəzərindən itirmiş ölkələrdir. Bununla bağlı hələ də mübahisələr davam edir. Əminliklə demək olar ki, bu, dövlət idarəçiliyində qısa dönəm effektivliyi artıra , amma hakimiyyətin legitimliyini azaldan bir faktor ola bilər. Çünki əgər fərqli düşünən insanlar varsa, onlar deyə bilər ki, bu, mənim prezidentim deyil. Mən ona səs verməmişəm, amma o, bizim üzərimizdə inanılmaz qərar vermə gücünə sahib insandır. Parlamentar sistemdə belə hallar yaşanmır. Çünki ən azından bir və ya bir neçə nəfər müxtəlif kəsimləri təmsil edə bilir. Parlamentin qəbul etdiyi qərar isə hamı üçün legitim olur. Türkiyə prezident idarə üsuluna keçdikdən sonra hansı istiqamətlərdə inkişa edəcəyini təxmin etmək çox çətindir. Ciddi problemlərin yaşanma ehtimalı da çox yüksəkdir”.



Elnur Soltanov sonda qeyd etdi ki, Ərdoğan Türkiyədə prezident idarə üsulunun yaradılması ilə bağlı qarşısına qoyduğu məqsədinə çatacaq:

“Ərdoğan güclü siyasətçidir. Atatürkdən sonra Türkiyə bu cür lider görməyib. O, modern Türkiyənin tarixində ikinci ən böyük liderdir. İnanılmaz siyasi gücə sahibdir. Belə başa düşülür ki, çox yaxşı strateji hesablama qabiliyyətinə sahib insandır. İndiyə qədər qarşısına qoyduğu bütün məqsədlərə çatan insan kimi qələmə verə bilərik. O, bütün fəaliyyətini prezident idarə üsulunu qurmağa yönəldib. Düşünürəm ki, möcüzəvi hadisələr olmasa, o məqsədinə çata bilər”.

Qeyd edək ki, Əhməd Davudoğlunun istefasından sonra Binəli Yıldırım Türkiyənin yeni baş naziri seçilib. B. Yıldırım AKP-nin qurultayında çıxış edərkən əsas məqsədlərini açıqlayıb. O, Türkiyəyə yeni konstitusiyanı və prezident üsuli-idarəsini gətirəcəklərini bildirib.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 5365