İsa Qəmbər 7 nəfəri niyə güllələdib? – Qaranlıq qalan məqam


16:19     31 May 2016 isa-09.jpg

Bilindiyi kimi, 1992-ci il iyunun 16-da prezident səlahiyyətlərini icra etdiyi son gün parlament sədri İsa Qəmbər ölüm hökmünə məhkum olunmuş 7 nəfəri əfv etməkdən imtina edib.


İsa Qəmbərin əfv etməkdən imtina etdiyi şəxslər aşağıdakılardır: Akif Hidayət oğlu Məmmədov, İslam Aslan oğlu Məmmədov, Nazim Maddi oğlu Maddiyev, Andrey Nikolayeviç Şetinov, Elşad Rəşid oğlu Fətullayev, Qardaşxan Feyruz oğlu İsmayılov və Bəylər Feyruz oğlu Kazımov.

Bu barədə hüquq müdafiəçisi Eldar Zeynalov məlumat verib.

Eldar Zeynalovun sözlərinə görə, İsa Qəmbərin fərmanında Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri üzrə Komissiyanın qərarına istinad olunur. Əslində isə sözügedən komissiya bir ay keçəndən sonra yaradılıb. Sonra isə məlum olur ki, qərar komissiya ilə yox, o vaxtkı əfv məsələləri üzrə şöbənin rəhbəri Samara Seyidova və hüquq siyasəti üzrə dövlət müşaviri İxtiyar Şirinovla razılaşdırılıb.



Sual yaranır:

Axı niyə S.Seyidova və İ.Şirinov onlarla əfv müraciətlərinin içindən məhz bu yeddi nəfərin işini seçib İ.Qəmbərin masasına qoyublar?


Eldar Zeynalov bu tələsgənliyi belə izah edir:

“Onu əvəz edən prezident Elçibəy xaraktercə çox yumşaq və qətiyyətsiz insan idi, məhkumların sağ qalma və edam edilmə problemlərini həll etməyə hazır olmayan adam idi. Məhz buna görə, işi icra edib Ə.Elçibəyi yerinə yetirilmiş fakt qarşısında qoymaq lazım idi”.

İsa Qəmbər özü sonradan bu addımını onunla əsaslandırır ki, o, ötən aylardan yığılıb qalan problemləri tez bir zamanda yoluna qoyaraq masanı Elçibəyə təmiz şəkildə təhvil vermək istəyirmiş.

E.Zeynalov hesab edir ki, İsa Qəmbərin 7 məhkum içərisində əfv etməkdən imtina etdiyi iki nəfərin onun qohumlarının qatili olması faktı bu hadisələrə müəyyən kölgə saldı:

“İradi və ya qeyri-ixtiyari, siyasətçi öz şəxsi haqq-hesabını aparıb. Əgər belədirsə, o zaman tələskənlik tamamilə aydındır”.

Hüquq müdafiəçisi Sahib Məmmədovun fikrincə, məsələyə istənilən tərəfdən yanaşdıqda mübahisəli məqamlar ortaya çıxa bilər:



“Həmin dövrün cinayət qanunvericiliyində cəza tədbiri kimi ölüm hökmü var idi. Sözügedən məsələdən mən də xəbərdaram. Əfv etmək hüququ olan şəxslərin masası üzərinə bu cür sənədlər gələ bilər. Prezident səlahiyyətlərini icra edən İsa Qəmbərin qənaətinə görə, həmin 7 nəfəri bağışlamaq mümkünsüz imiş. Yəqin ki, yekun rəy ondan ibarət olub ki, onlar şəxsiyyət əleyhinə yönəlmiş ağır cinayətlər törədiblər. Buna görə də İsa Qəmbər həmin şəxslərin əfv olunmasını mümkünsüz sayıb. Ümumiyyətlə, əfv etmək prezidentin müstəsna səlahiyyətlərinə daxil olan məsələdir. Mən güllələnən 7 nəfərin törətdiyi cinayətlərlə bağlı məlumatsızam. Digər tərəfdən, istənilən nöqteyi-nəzərdən yanaşdıqda bu məsələ ilə bağlı geniş müzakirələr aparmaq mümkündür. Əgər onlar əfv olunsaydı, yeni bir diskussiya açıla bilərdi ki, bu qədər ağır cinayət törətmiş şəxslər niyə azadlığa çıxır. Buna görə də bu məsələ ilə bağlı nə qınayıcı, nə də bəraətverici fikir söyləyə bilməyəcəm”.

Nə üçün digərlərini yox, məhz bu dustaqları edam etdilər, yaxud niyə hamısını bir dəfəyə edam etmədilər, bütün bunlar hələ də müəmmalı olaraq qalır…

Qeyd edək ki, ümumilikdə Azərbaycanın müstəqilliyi dövründə 9 nəfər güllələnib.

Onlardan biri prezident Ayaz Mütəllibovun vaxtında – 1992-ci il yanvarın 4-də edam edilib. Həmin şəxs 68 yaşında, Gəncədən olan Camal idi (daha sonra isə yaşı 65-dən yuxarı olan şəxslərin güllələnməsi ləğv olundu). Güllələnməli olan ikinci şəxs isə hökmün icra edilməsi vaxtına qədər özü dünyasını dəyişmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 8440