“Ərdoğanın siyasəti PKK-nı qıcıqlandırır” - İstanbul terrorunun səbəbləri


19:18     07 İyun 2016 hcflas4sbtictepet.jpg

“İstanbulda baş verən terror aktı ilk deyil. Artıq Türkiyədə silsilə terror aktlarının şahidi oluruq. Düşünürəm ki, son terror aktını PKK törədib. Bu, həm də PKK tərəfindən Türkiyəyə cavab kimi qiymətləndirilə bilər. Türkiyənin hava qüvvələri bir neçə gün bundan əvvəl PKK-ya güclü zərbələr endirib”.


Bu sözləri Femida.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloqun fikrincə, Ərdoğanın yeritdiyi sərt siyasət onun düşmənlərini xeyli artırıb:

“Ərdoğan sərt siyasət yeridir. Onun davranışları həm PKK-nı, həm də dünyanın aparıcı dövlətlərini qıcıqlandırır. Ola bilsin ki, Ərdoğanın da səhvləri var. Bəlkə nəyisə daha yumşaq formada etmək olardı. Hazırda Ədoğanın düşmənləri çoxalıb. Bəlkə də son hadisələrin arxasında xarici qüvvələrin əli var. Onlar Türkiyənin stabilliyini pozmağa maraqlıdır”.

Xatırladaq ki, bu gün səhər saatlarında İstanbulun Bəyazid bölgəsində terror aktı törədilib. Partlayışda 7-si polis olmaqla 11 nəfər ölüb, 36 nəfər yaralanıb. Partlayışın kim və ya kimlər tərəfindən törədildiyi barədə hələlik heç bir məlumat yoxdur.

Qeyd edək ki, İstanbuldakı partlayışda ölənlərin arasında 1 nəfər azərbaycanlının olduğu bildirilir.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1433