Bu, Sarkisyanın sonuncu görüşü ola bilər - ŞƏRH


20:34     10 İyun 2016 sarkisyan32.jpg

Məlum olduğu kimi, Azərbaycan, Rusiya və Ermənistan prezidentləri iyun ayının sonunda Rusiyanın Sankt-Peterburq şəhərində yenidən bir araya gələcəklər. Bir müddət əvvəl görüşün baş tutub-tutmayacağı ilə bağlı yekun fikir yox idi. Xarici işlər nazirləri səviyyəsində nəzərdə tutulmuş görüşün ləğv olunması ilə prezidentlərin də görüşünün daha irəli bir tarixə təyin olunması haqqında müzakirələr gedirdi.


Lakin Rusiya Xarici İşlər Nazirliyinin görüşün yeri və vaxtı haqqında məlumat yayması bizə görşün baş tutacağı ilə bağlı daha konkret fikir söyləməyə əsas verir.

Görüşdən gözləntilərimiz çox böyükdür. Ən azı ona görə ki, aprel döyüşlərində şanlı qələbə qazanmış ölkə kimi danışıqlar masası arxasında əyləşirik. Bu amil bizi ruhlandırmaqla bərabər vasitəçi rolunda çıxış edən Rusiyanı da bir o qədər narahat edir. İki ayın içərisində İlham Əliyev və Sarkisyanın ikinci dəfə görüşməsi də ondan xəbər verir ki, Rusiya artıq münaqişənin həllində maraqlıdır. Təbii ki, münaqişənin həll olunması üçün Ermənistanın kompromisə gəlməyi lazımdır. Sarkisyanın kompromisə gəlməsi isə bir az müşkül məsələ kimi görünür. Aprel döyüşləri Ermənistan daxilindəki siyasi vəziyyəti xeyli gərginləşdirdi. Ermənistan müxalifətinin əlinə heç bir zaman düşə bilməyəcək imkan düşüb. Bir müddət əvvəl Sarkisyan Ermənistanın aprel döyüşləri zamanı 800 hektar ərazi itirdiyini açıq şəkildə bəyan etdi. Sarkisyanın bu çıxışı müxalifətin əl-qolunu açdı. Bu ərəfələrdə Sarkisyanın edəcəyi cüzi səhv onun hakimiyyətdən devrilməsi ilə nəticələnə bilər. Buna görə də Sarkisyan bu görüşdə maksimum şəkildə güzəştə getməməyə çalışacaq.



Niyə məhz Sankt-Peterburq?

Bu vaxta qədər Azərbaycan və Ermənistan prezidentləri 20 dəfə görüşüb. Bu görüşlərin üçü Sankt-Peterburq şəhərində baş tutub. Prezidentlər sonuncu dəfə 2016-cı ilin may ayının 16-da Avstriyanın paytaxtı Vyana şəhərində görüşüblər. Görüş üçün Sankt-Peterburqun seçilməsi təsadüfü deyil. İlk baxışdan bu, qərbin münaqişəyə marağının azalması kimi səslənir. Çünki əvvəllər Qərb dövlətləri Dağlıq Qarabağla bağlı yüksək səviyyəli görüşlərin Avropada keçirilməsinin tərəfdarı olublar. Almaniya kansleri Merkelin “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rola sahibdir” fikri əslində o anlama gəlir ki, münaqişənin həllində əsas rolu Rusiya oynadığı kimi bütün məsuliyyət də Rusiyanın üzərinə düşür. Rusiya da təbii olaraq görüşün öz ərazisində keçirilməsində maraqlıdır. Bu vaxta qədər vasitəçilik missiyasında Qərblə Rusiya arasında müəyyən mənada mübarizə gedirdi. Almaniya, Fransa kimi ölkələr yüksək səviyyəli görüşlərin Avropa ölkələri ərazisində keçirilməsinə can atırdılar. (Bundan əvvəlki görüş qərb dövlətlərinin də təzyiqi ilə görüş Avropanın mərkəzində, Vyanada keçirilmişdi) Lakin Rusiya artıq özünü münaqişənin həllində əsas hegemon ölkə kimi görür.

Sarkisyan güzəştə getmək istəmir, İlham Əliyev isə görüş xatirinə görüşməyin qəti əleyhinədir. Hər halda İlham Əliyev qalib ordunun Ali Baş Komandanı kimi Sankt-Peterburqa yollancaq. Bu vaxta qədər Rusiya hər vasitə ilə münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasının tərəfdarı idisə, artıq münaqişənin hər an alovlana biləcəyi gün kimi aydındır. Aprel əməliyyatları Rusiyanın vasitəçiliyi ilə dayandırıldı. Əgər Azərbaycan əməliyyatlara davam etsəydi, 2 həftəyə Dağlıq Qarabağı işğaldana zad edəcəkdi. Heç şübhəsiz, Rusiya bu məqamı çox gözəl anlayır və gələcəkdə baş verə biləcək hadisələrin fərqindədir. Buna görə də Rusiya nə olur olsun, Sarkisyanı kompromisə məcbur etməlidir. Yəqin ki, edəcək də. Bayaq qeyd etdiyim kimi, Sarkisyanın güzəştə getməsi onun sonu ola bilər. Yəqin ki, Rusiya bu reallığı nəzərə alır. Bu baxımdan görüş Sarkisyanın sonuncu görüşü ola bilər.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 11976