Orlondo terroru kimin işinə yaradı? - ŞƏRH


15:33     13 İyun 2016 terror%2024.jpg

Dünən ABŞ tarixində ən dəhşətli terror aktlarından biri törədildi. Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubuna silahlı basqın nəticəsində 50 nəfərin öldüyü, 53 nəfərin isə yaralandığı barədə məlumat verilir. Terror aktından bir qədər sonra isə İŞİD terrorçu qruplaşması məsuliyyəti öz üzərinə götürdü. Bu, İŞİD-in ABŞ-da törətdiyi ilk irimiqyaslı terror aktıdır. Buna görə də növbəti mərhələdə ABŞ-ın İŞİD-lə bağlı hansı siyasət yürüdəcəyi başqa yazının mövzusu olacaq. Hər halda yeni siyasi xəttə prezident seçkilərindən sonra başlanılacaq.


Maraqlı məqam isə ondan ibarətdir ki, terror aktı ABŞ-da prezident seçkilərinin ən qızğın dövrünə təsadüf etdi. Törədilən terror aktının Trampın seçki kampaniyasına uğurlu təsir edəcəyini əvvəlcədən planlaşdırmaq olar. Bu günə qədərki çıxışlarında daima müsəlmanları hədəfə alan, onlara xüsusi pasport və sənədlərin verilməsini tələb edən, və həttta Paris terrorundan sonra ABŞ-da yerləşən bütün məscidlərin bağlanmasını təklif edən Tramp son terror aktından öz məqsədləri üçün istifadə edə biləcək.

Əvvəlki ənənələrinə sadiq qalan Donald Tramp terror aktından dərhal sonra sərt açıqlama verərək müsəlmanları ABŞ-a buraxmamağı səsləyib. Terrora qarşı xüsusilə həssas olan ABŞ cəmiyyətinin Trampın bu çağırışına dəstək verəcəyi şübhəsizdir. Bu vaxta qədər Klintonun seçki kampaniyasında Trampı üstələdiyini söyləmiş olsaq da, Orlondo terrorunun bütün hesabları alt-üst edəcəyi gözlənilir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu isə bu fikirlə razı olmadığını ifadə etdi. Analitikin sözlərinə görə, Klintonun da Trampa deyəcə sözü olacaq:




“Əfqan mənşəli amerikalının 50 nəfəri öldürməsi İslama və müsəlman miqrantlara qarşı olan prezidentliyə namizəd Donald Trampın reytini yüksəldəcəyi fikri ilə tam razı deyiləm. Qarşı tərəf - Hillari Klintonun də deyəcək sözü var. Trampı silah istehsalçıları dəstəkləyir. Həmin silah istehlakçıları həmin əfqana rahat şəkildə silah satmağa şərait yaratmasaydılar, Amerikada bu və digər qətliamlar baş verməzdi. Demokrat prezident Barak Obamanın dili illərdir mazol olub deməkdən ki, hər bir şəxsin silah almaq hüququ olmamalıdır. Ancaq Obama, o cümlədən keçmiş və gələcək prezidentlər bir şey edə də bilmirlər. Çünki silah istehsalçılarının Konqresdəki güclü lobbisi var. Söhbət yüzmilyardlarla dollar gəlirdən gedir. Digər tərəfdən silaha malik olmaq Amerikada tarixi ənənələrə maılikdir. Buna özünü qorumaq hüququnu da əlavə edirlər. Ancaq mən bir dəfə eşitmədim ki, kimsə silahıyla silahlı manyaka qarşı müqavimət göstərib onu neytrallaşdırsın, Amerikada qatili adətən qətliamdan sonra polis öldürür. Başqa sual odur ki, psixi problemləri olduğu deyilən əfqan dükandan müxtəlif silahları necə alıb? Odur ki, Hillari Klintonun da bu qətliamla bağlı Trampa deyəcəyi sözü – ittihamı var”.

Millət vəkili Sahib Alıyevin fikrincə, terror aktı İslamı gözdən salmaq üçün məqsədli şəkildə törədilib:



“İslamı gözdən salmaq, Yaxın Şərqdə baş verənlərə haqq qazandırmaq, gələcəkdə oradakı xaosu daha da böyütmək üçün. Çörçilin bir fikri vardı, deyirdi ki, müharibə son dərcə önəmli məsələ olduğundan mən onun taleyini hərbiçilərə tapşıra bilmərəm. Terror nədir- döyüş əməliyyatı. Sadəcə əsl döyüşdən bunun fərqi və onu yerinə yetrənlərin yaramazlığı ondadır ki, birincidə hədəf hərbiçilər, hərbi obyektlər, ikincidə idə adətən dinc adamlar olur. Terror daha məkrli, mürəkkəb və qorxulu geosiyasi əməliyyat halına gətirildiyindən Çörçilin sözü olmasın, onu harada və necə reallaşdırmaq lazım gəldiyi İŞİD-çilərə buraxıla bilməz. Onlar heç kimdir. Qərbdə kimdən soruşsan ki, İŞİD nədir, kimdir, cavabı " terorrçudur, müsəlmandır"olacaq. Bu günlər daha çox amerikalı əmin olmağa başladı ki, " terrorçu müsəlmanlara" nə etsən azdır. Onların qabağı alınmasa, indikindən də daha pis vəziyyətə salınmasalar, gəlib amerikalılara necə yaşamalı olduqlarını diqtə edəcəklər.Bəli, necə yaşamalı olduqlarını. Fikir verirsinizmi, İŞİD deyilən nəsnə terroru hansısa bir hərbi bazadansa cinsi azlıqların təmsilçilərinin yığıldığı gecə klubunda törədir. Bu guya düşmən gözündə gördükləri Amerikadan qisas almaq deyil, amerikalılara meydan oxumaqdır. "Siz öz istədiyiniz kimi yox, bizim düşüncəmizə uyğun yaşamalısınız" deməkdir. Kim bunu həzm edər? Heç kim”.



Millət vəkili bildirdi ki, İŞİD terror alətidir:

“Bax, İŞİD-in də əsl mahiyyəti və niyə yaradıldığı bu zaman üzə çıxır. İŞİD-i arada mən də terror təşkilatı adlandırıram. Əslində bu, yanlış yanaşmadır. İŞİD terror təşkilatı deyil. Təşkilat ağlı başında olanların toplaşdıqları hər hansı bir quruma deyilir. İŞİD terror alətidir. Bu alətdən faydalanılıb, müsəlmanların kökünü kəsməyə çalşırlar. Başqa cür deməli olsaq, İŞİD sosial eboladır. Təhlükəlidir, ancaq o öz-özünə yaranmayıb, yaradılıb. Allahın bəlası deyil, əksinə içində Allah sevgisi olanları qırıb-çatmaq üçündür. “Ebola” kimi onun da peyvəndi bu sosial virusu yaradanların özündədir. Necə ki Afrikada arada bir əhalini ebolaya qarşı peyvəndləyirlər, eləcə də guya İŞİD-i də zərərsizləşdriməyə qalxırlar. Havadan başlarına bomba salırlar. Çox zaman isə havadan bomba deyil, onlara silah və hərbi texnika dolu konteynerlər atırlar. Həqiqət budur. Amerikanın gələcək prezidenti olmaq istəyən və milyonlarla soydaşı tərəfindən dəstəklənən Donald Trampın Orlandodakı olaydan sonra daha yüksək səslə müsəlmanların ölkəsinə girişinə qadağa qoymaq çağırışı əslində böyük humanistlikdir. İŞİD və ona bənzər terror alətlərini yaradıb Yaxın Şərqin canına salanların planı daha amansızdır. Onlar müsəlmanların qərbə yolunu kəsməkdən çox onları məhv etmək haqqında düşünürlər. Elə məhv edirlər. İŞİD kimi terror aləti, yaxud da virusu yaradıb üzərimizə hücum etmək və dindaşlarımızı ona yoluxdurmaqla”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1735


Oxşar xəbərlər