Nərimanovda Milli Qurtuluş Günü qeyd edildi


04:38     15 İyun 2016 qurtulus.jpg

Nərimanov Rayon İcra Hakimiyyətinin, YAP Gənclər Birliyi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilib.


Femida.az xəbər verir ki, rayon rəhbərliyi, Milli Məclisin deputatları, rayonun idarə, müəssisə və təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin və nəhayət ziyalıların qatıldığı təbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində mərhum prezident Heydər Əliyevin xidmətlərindən danışaraq 1993-cü ilin iyun ayında ölkədə böhranın ən acınacaqlı həddə çatdığını və belə bir anda xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan yalnız bir dahi şəxsiyyətin - Heydər Əliyevin xalqına və dövlətinə sahib çıxdığını xatırladıb.

A.Fərzəliyev xalqımızın birləşərək ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoyduğunu, təkidlə bu dahi şəxsiyyətin hakimiyyətə qayıdışını tələb etdiyini, bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar edən Heydər Əliyevin belə bir ağır məsuliyyəti üzərinə götürərək hakimiyyətə qayıdaraq uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan xalqını o vaxtkı hakimiyyətin yarıtmaz siyasəti nəticəsində düçar olduğu ağır bəlalardan xilas etdiyini vurğulayıb.

Milli Məclisin deputatları Hikmət Məmmədov, Adil Əliyev və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov əsası Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin, respublikamızda bütün sahələri əhatə edən inkişaf dinamikası, beynəlxalq arenada əldə olunan yüksək nailiyyətlərdən, ölkəmizin sürətlə inkişaf etdiyini, onun iqdisadi gücünün istər regionda, istərsə də bütün dünyada durmadan artdığını qeyd edib.


Tədbirdə Heydər Əliyevin bütün həyatını, zəngin dövlətçilik, təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etdiyi söylənilərək, bu gün dahi rəhbərin ölməz ideyalarına sadiq olan dövlət başçısının rəhbərliyi altında müstəqil Azərbaycanın daha da inkişaf edərək dünyanın ən güclü, qüdrətli dövlətləri sırasına çıxaraq, xalqımızın firavan, xoşbəxt gələcəyə və tezliklə böyük zəfərlərə doğru qürurla irəliləyəcəyinə inam ifadə olunub.

Sonda rayonun ictimai-siyasi, sosial-mədəni həyatında fəal xidmətləri ilə fərqlənən şəxslərə və tədbirdə Milli Qurtuluş gününə həsr olunmuş rəsmlər çəkən Nərimanov rayonunun gənc rəssamlarına Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim edilib.

Bayram tədbiri tanınmış incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı ilə davam etdirilib.

Açar sözlər:

Oxunub: 1787