Mədəniyyətimizin Bülbülü, Şuşanın yetirdiyi sənətkar - 119 yaş


16:27     22 İyun 2016 bulbul-murtuza-memmedov.jpg

Bu gün böyük sənətkar, əvəzolunmaz səs sahibi dahi Bülbülün doğum günüdür. Femida.az onun xatirəsinə həsr olunmuş yazını təqdim edir:

Məmmədov Murtuza Məşədi Rza oğlu 1897-ci il 22 iyun tarixində Şuşa şəhəri Xanbağı deyən ərazidə anadan olub. Bizim Bülbül adı ilə tanıdığımız Murtuza Məmmədov belə adlandırılmasının səbəbi var. O bülbül kimi cəh-cəh vurduğu üçün ona “Bülbül” təxəllüsü verilir.

Gənclik illərində ona verilmiş Bülbül adı sonradan onun parlaq istedadını əks etdirən artistlik təxəllüsünə çevrilir. Azərbaycan musiqisini – muğamları öyrənən, tanınmış Şuşa xanəndələri ilə ünsiyyətdə olan gənc sənətkar çox keçmədən Zaqafqaziya və Orta Asiyada məşhur olur.

Gənc müğənni 1920-ci ildə Ü.Hacıbəyovun «Əsli və Kərəm» muğam operasında Kərəm rolunu ifa etmək üçün Bakıya dəvət olunur. Burada o, ilk dəfə rus opera truppasının ifasında klassik opera musiqisinə qulaq asır və bu musiqi dünyasının sirlərinə yiyələnməyi, onu bütün incəliklərinə qədər öyrənməyi qərara alır.
1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına – F.Polyayevin vokal sinfinə daxil olur, sonradan təhsilini professor N.İ.Speranskinin sinfində davam etdirir. 1927-ci ildə artist ilk sovet müğənniləri sırasında təhsil almaq üçün dörd il müddətinə İtaliyaya – məşhur Milan teatrına göndərilir.

Bu illər axtarışlar və kəşflərlə dolu idi. Gərgin əmək, dünya şöhrətli italyan pedaqoqlarının dərsləri, dünya vokal sənəti ədəbiyyatının və müxtəlif oxuma metodologiyasının dərindən öyrənilməsi, görkəmli müğənnilərlə görüşlər, tamaşa və konsertlərdə çıxışları öz səmərəli nəticələrini verdi. 1931-ci ildə İtaliyanın «Arte Nostra» jurnalında dərc edilmiş «Azərbaycan Bülbülü» adlı məqalədə dünya şöhrətli maestro Raffaele Qrani yazırdı: «Bülbül müsəlman aləmindən İtaliyaya gələn ilk vokalçıdır və özünəməxsus Şərq oxumasından Avropa oxuma məktəbinə keçmişdir. Dörd il arxada qalmış, məqsədə nail olunmuşdur. Bülbül italyan oxuma məktəbi və tədris metodikasını mənimsəmişdir».

O, 1933-cü ildə vokalçıların ilk Ümumittifaq müsabiqəsində iştirak edir və müsabiqənin laureatı olur. Onun konservatoriyanın böyük zalında, İttifaqlar Evinin Sütunlu salonunda, Alimlər evində və Moskvanın bir çox konsert zallarında çıxışları paytaxt tamaşaçıları və musiqi ictimaiyyətinin dərin rəğbətinə səbəb olur.
Müğənni və artistin istedadına və ifaçılıq məharətinə istinadən Azərbaycanda ilk klassik operalar – R.Qliyerin «Şahsənəm»i, M.Maqomayevin «Nərgiz»i yaranır.
Sənətkarın professional yaradıcılıq imkanları və istedadı böyük Azərbaycan bəstəkarı Ü.Hacıbəyovun məhz onun səsi və ifası üçün Azərbaycan dastanının süjeti üzrə yaratdığı «Koroğlu» epik-qəhrəmanlıq operasında özünün tam əlvanlığı ilə üzə çıxır. 1938-ci ildə Moskvada Dövlət Akademik Böyük Teatrın səhnəsində Ü.Hacıbəyovun «Koroğlu» operası tamaşaya qoyuldu. Azərbaycan opera sənətinin böyük xadimi özünün yüksək sənətkarlığı, gözəl və güclü səsi ilə əfsanəvi xalq qəhrəmanının ariyalarını ifa etdi.
1938- ci ildə SSRİ xalq artisti adına layiq görülmüşdür. 1940-cı ildə professor seçilmiş, 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olmuşdur.
26 sentyabr 1961-ci ildə Bak ı şəhərində vəfat etmiş, Birinci Fəxri Xiyabanda dəfn edilib.

Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi fəaliyyət göstərir.

Onun xanımı Adelaida İrza qızı Məmmədova 93 yaşında vəfat edib. Sağlığında “Şöhrət” ordeninə və “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”na layiq görülüb. Bülbülün yadigarı kimi onun oğlu Polad Bülbüloğludur. Hazırda o Azərbaycanın Rusiyadakı səfiri kimi fəaliyyət göstərir.








Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 3463


Oxşar xəbərlər