Politoloqlar Astarada gənclərlə görüşdü


04:43     16 İyul 2016 blank.jpg


Bu gün Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatında Gənc Politoloqlar Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gəncləri arasında dini radikallıq və ekstremizmə qarşı maarifləndirmə” mövzusunda tədbir keçirilib.

Femida.az-ın məlumatına görə, tədbirdə Astara Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, eləcə də gənclər və KİV nümayəndələri iştirak edib.

Gənclərlə görüşdə çıxış edən Gənc Politoloqlar Mərkəzinin rəhbəri İlkin Əliyev çıxış edərək deyib ki, Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək layihə üç ay davam edəcək: “Layihənin əsas məqsədi region gəncləri arasında maarifləndirici seminarlar keçirməklə onların dini radikallıq və ekstremizmə mübarizədə rolunu gücləndirməkdən ibarətdir.

Mərkəz rəhbəri diqqətə çatdırıb ki, dövlət-din münasibətləri zəngin milli ənənələrimizə söykənir və müasir hüquq normaları ilə tənzimlənir. O bildirib ki, dinin cəmiyyət həyatında, xüsusən də gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu düzgün istiqamətləndirilməli, mütərəqqi islami dəyərlərin tətbiqi, təşviqi müasir tələblər səviyyəsində aparılmalı, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir: “Bu baxımdan Gənc Politoloqlar Mərkəzi olaraq bu cür maarifləndirici layihələrin gənclər arasında həyata keçirilməsini məqsədəuyğun hesab edirik və inanırıq ki, layihənin icrası gənclərin ölkə inkişafında müsbət rolunun güclənməsində faydalı olacaq”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev bildirib ki, qədim və zəngin tarixə malik olan ölkəmiz mədəniyyətlərin, sivilizasiyaların, dinlərin qovuşduğu məkanda yerləşməklə yanaşı, dinlərarası və sivilizasiyalararası münasibətlərin formalaşmasında özünün nümunəvi modeli ilə tanınır: “Azərbaycanda dini və etnik zəmində heç bir qarşıdurma olmadığı tarixi faktdır və ənənə bu gün də dövlət siyasətimizin tərkib hissəsi kimi uğurla davam etdirilir. Eyni zamanda, biz xalq olaraq insanpərvərliyə xas normaları əzəldən yaşayışımıza, fəaliyyətimizə tətbiq etmişik, humanizmi özümüzə daimi istinadgah seçmişik”.

Daha sonra Astara rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər üzrə şöbəsinin müdirinin müavini- dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxşlarında dini radikalizm və ekstremizə qarşı mübarizədə gənclər arasında maarifləndirmə tədbirlərinin mütəmadi davam etdirilməsinin vacibliyini vurğulayıblar.

“SƏS” Media Qrupunun Xəbərlər Şöbəsinin rəhbəri Ceyhun Rasimoğlu, “İki Sahil” qəzetinin müxbiri Ceyhun Piriyev isə dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan, eləcə də "Azərbaycan dünyada dini tolerantlıq nümunəsi kimi" mövzularında öz fikirlərini səsləndiriblər.

Tədbir diskussiya şəklində davam etdirilib.

Sonra günün ikinci yarısında yenidən eyni mövzu ətrafında gənclərlə görüş keçirilib. Mərkəz rəhbəri İlkin Əliyev qeyd edib ki, dinin düzgün təbliği cəmiyyətdə yarana biləcək hər hansı fikir ayrılığı, radikal fəaliyyət və ekstremizm kimi halların qarşısının alınmasına böyük töhfə verə bilər.

Daha sonra mövzu ətrafında DQİDK-nın Lənkəran bölgə şöbəsinin baş məsləhətçisi Hatəm Gülməmmədov, Lənkəran rayonu Ləj kənd məscidi dini icmasının üzvü Samid Quliyev multikulturalizmin mahiyyəti haqqında, multikulturalizm modelləri və gənclərə multikultural dəyər və ideyaların aşılanması haqqında çıxış ediblər.

Sonda mövzu ətrafında gəncləri maraqlandıran suallar cavablandırılıb.

Açar sözlər:

Oxunub: 1250