“Şimal-Cənub“ dəhlizi müzakirə edilib


21:05     27 İyul 2016 43ea987e69b6bd97ae46346d124a7847.JPG

Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla İran Yol və şəhərsalma nazirinin maliyyə təminatı və beynəlxalq məsələlər üzrə müavini Əsgər Fəxriyyə Kaşanın başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib.


QSC-nin Mətbuat katibliyindən verilən məlumata görə, C. Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib. O, bildirib ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tikintisinin reallaşdırılması iştirakçı ölkələrin tranzit potensialının artırılmasında, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq.

İran Yol və şəhərsalma nazirinin maliyyə təminatı və beynəlxalq məsələlər üzrə müavini Ə. Kaşanın çıxış edərək, "Şimal-Cənub" dəhlizinin Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyini bildirib.

Sonra iclasda Azərbaycan tərəfinin Astara-Rəşt dəmir yolu tikintisinə Azərbaycanın maliyyə yatırımı, dəmir yolu tikintisinin qrafiki, işlərinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, "Şimal-Cənub" dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan da “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında” sazişə qoşulub.

Femida.az

Açar sözlər:

Oxunub: 1060


Oxşar xəbərlər