Sahibkarlara investisiya təşviqi sənədi verilib


17:40     29 İyul 2016 sahibkarlar.JPG

Bu gün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş növbəti tədbir çərçivəsində Sumqayıt Kimya Sənaye Parkının 9-cu, Balaxanı Sənaye Parkının 5-ci rezidentinə şəhadətnamə, 12 sahibkara isə investisiya təşviqi sənədləri təqdim olunub.


Femida.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak edib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dövlət başçının sənayeləşmə siyasəti çərçivəsində görülən işləri diqqətə çatdırıb, ölkəmizdə sahibkarlığın inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən sistemli tədbirlər, aparılan islahatlar barədə məlumat verib. Qeyd edilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya və icazələrin sayının və rüsumların əhəmiyyətli şəkildə azaldılması, sənədlərin alınma prosedurlarının sadələşdirilməsi, vergi və gömrük güzəştləri, qeyri-neft ixracının təşviqi tədbirləri və s. sahibkarlığın inkişafı üçün yeni imkanlar açıb. Bu cür dəstək mexanizmlərindən olan Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı və Qaradağ Sənaye Parkı artıq fəaliyyət göstərir və burada rezidentlərin səmərəli fəaliyyəti üçün güzəştli rejim yaradılıb. Mingəçevir Sənaye Parkının təşkili istiqamətində tədbirlər davam etdirilir.

Bildirilib ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması da önəmlidir.

Artıq Neftçala Sənaye Məhəlləsində dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur yaradılıb. Hazırda istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və digər hazırlıq işləri aparılır. Sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün Azərbaycan İnvestisiya Şirkətinə 8 layihə təqdim olunub. Bunlardan 4 layihə üzrə sahibkarlıq subyektləri rezident kimi qeydə alınıb.

Dövlət başçısının Masallı Sənaye Məhəlləsinin yaradılmasına dair Sərəncamına uyğun olaraq, bu istiqamətində də müvafiq işlər görülür. Sahibkarlar tərəfindən Masallı Sənaye Məhəlləsinə böyük maraq göstərilir. Artıq sahibkarlar icra olunması üçün ümumi dəyəri 31 milyon manatdan çox olan 33 layihəyə dair təkliflər təqdim ediblər.

Hazırda yerli potensial nəzərə alınmaqla, digər regionlarda da sənaye parkları və məhəllələrinin yaradılması istiqamətində tədbirlər görülür.

Tədbirdə vurğulanıb ki, investisiyaların təşviqi Azərbaycanda həyata keçirilən iqtisadi islahatların mühüm istiqamətlərindəndir. Qeyd olunub ki, indiyədək 18 sahibkara investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 194 mln. manatdan çox investisiya yatırılacaq və 1700-ə yaxın yeni iş yeri açılacaq. Bu gün keçirilən tədbir çərçivəsində daha 12 sahibkara investisiya təşviqi sənədi təqdim edilib və bununla da investisiya təşviqi sənədi almış sahibkarlıq subyektlərinin sayı 30-a çatıb. İnvestisiya təşviqi sənədi verilən layihələr 7 iqtisadi rayonu əhatə edir.

Ümumiyyətlə, investisiya təşviqi sənədi verilmiş layihələr çərçivəsində 300 milyon manata yaxın investisiya qoyuluşu və 2700-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə investisiya təşviqi və parklar üzrə şəhadətnamə alan sahibkarlar layihələr üzrə təqdimatlarla çıxış ediblər.

Açar sözlər:

Oxunub: 1182