Marketinq işi necə qurulmalıdır? - TƏHLİL


16:38     05 Avqust 2016 marketing-i-soprovozhdenie-gosudarstvennyh-programm.jpg

Azərbaycan Respublikasında dövlət marketinq fəaliyyətini həyata keçirmək üçün beş dövlət təşkilatı və bir çox qeyri-dövlət təşkilatlarının maddi texniki və maliyyə resursları vardır ki, bunlar daxili və xarici bazarlarda xidmətlər, istehsal və keyfiyyət sahəsinin müəyyən bölmələrində marketinq tədqiqatlarını sistemli formada genişləndirə bilərlər.


Tədqiqatçılar göstərir ki, milli iqtisadiyyatın dünya iqtisadiyyatına səmərəli inteqrasiya olması üçün dolayı tənzimlənmə metodlarının mütərəqqi dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilməsi məqsədəuyğundur.

Diqqəti çəkən əsas məqam odur ki, Azərbaycan Respublikasında dövlət təşkilatları ilə paralel iqtisadi inkişafa dəstək verən qeyri-hökumət təşkilatları arasında qarşılıqlı müasibətlər yüksək səviyyədə formalaşmayıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014 – 2015-ci illər üçün “Baş Kollektiv Saziş” imzalanmışdır ki, Respublikda fəaliyyət göstərən digər dövlət və qeyri-dövlət təşkilatları bu müqavilədən kənar qalmışdırlar.

Fikrimcə, “Baş Kollektiv Saziş” əsas təşəbbüskarı İqtisadiyyat Nazirliyi olmalıdır. İqtisadi inkişafa tövhə verə biləcək bütün nazirliklər və qeyri-dövlət təşkilatları sazişdə aktiv təmsil olunmalıdırlar.

Sazişin əsas mahiyyəti, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin və əmək məhsuldarlığının yüksəldilməsinə, stabil məşğulluğa və əmək bazarının səmərəli infrastrukturunun inkişafına, iş yerlərinin təhlükəsizliyinə kömək edəcək şəraitin yaradılmasına, işçilərin və onların ailələrinin yaşayışının keyfiyyətinin artırılmasına, yoxsulluğun azaldılması istiqamətində tədbirlərin davam etdirilməsinə, sosial və makroiqtisadi sabitliyin qorunub saxlanılmasına və əhalinin sosial müdafiəsinin təmin edilməsinə istiqamətlənən sosial-iqtisadi siyasətin həyata keçirilməsi məqsədlərini təşkil edir.

Saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsi kimi sahə tarif sazişlərinin işlənilməsi, vergilərin, sosial sığorta ödənişlərinin dərəcələrinin azaldılması və bağlanılması üçün əsas təşkil edir.

Dövlət və qeyri-dövlət təşkilatları sosial tərəfdaşlıq tədbirlərini müstəqil olaraq həyata keçirirlər. Məsələn Vergilər Nazirliyi vergi dərəcələrinin aşağı salınmasında, Gömrük Komitəsi gömrük rüsumlarının endirilməsində zamanla təşəbbüskar olmuşlar.

Mövcud iqtisadi və sosial islahatların aparılmasına baxmayaraq, Azərbaycan Respublikasında tədiyyə balansında müsbət saldo neft-qaz sektorunun inkişafı hesabına formalaşmışdır.

Tədqiqatlar göstərir ki, daxili və xarici bazarların təhlilinə yönəldilmiş dövlət tədbirləri məqsədli və sistemli xarakter daşımalıdır. Dövlət tənzimlənməsində vahid marketinq strategiyası formalaşıdırlmayıb. Bu startegiyanı İqtisadiyyat Nazirliyi yaratmalıdır. Bu strategiyada dövlət təşkilatları müvafiq sahələr üzrə öz fəaliyyətlərini vahid mərkəzdən koordinasiya olunan formada həyata keçirməsi məqsədə uyğundur.

Fikrimcə, İqtisadiyyat Nazirliyinin Nazirlər Kabineti Yanında səlahiyyətli təşkilatının (Xarici Ticarət Katibliyinin) yaradılması məqsədə uyğundur. Nazirlər Kabineti yanında Xarici Ticarət Katibliyi milli marketinq strategiyasına uyğun olaraq İqtisadiyyat Nazirliyi (Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan İnvestisiya Şirkəti, İxracın və İnvestisiyaların Təşviqi Fondu, Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, İq¬tisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Bakı Biznes Tədris Mərkəzi), Dövlət Statistika Komitəsi, Stan¬dart¬laş¬ma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin, Gömrük Komitəsinin, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərin, konsulluqların, daimi və müvəqqəti nümayəndəliklərinin və s. dövlət və qeyri-dövlət təşkilatlarının vahid mərkəzdən əlaqələndirilməsini təmin edəcək.



Şəkil 1.1. Dövlət marketinq fəaliyyətini həyata keçirən və tənzimləyən baş nazirlik yanında xarici ticarət katibliyi

Mənbə: Müəllif tərəfindən hazırlanmışdır


Dövlət və qeyri-dövlət təşkilatlarının vahid mərkəzdən əlaqələndirməsi üçün sistemin mövcud olmadığı şəraiti və ixrac potensialının genişləndirilməsi üçün marketinq informasiya sisteminin yaradılmasıdır. “Marketinq informasiya sistemi” layihəsinin məqsədi dövlət marketinq fəaliyyətini həyata keçirən və ya Azərbaycan Respublikasının ixrac potensialında maraqlı olan şirkət və təşkilatların (dövlət və qeyri-dövlət), tədqiqat və təhsil institutlarının informasiya resurslarının birləşdirilməsi vasitəsilə dövlət və özəl müəssisələrin mövcud istehsal resurslarına olan tələbatları, istehsal etdikləri məhsullar haqqında geniş informasiyalar, xarici bazarlarda əmtəə və xidmətlərə olan tələbatlar və onların qiymət dinamikasının dəyişməsi, xarici ticarət tərəfdaşı olan ölkələrin nominal pul vahidlərinin məzənnələri və s. informasiyaların səmərəli istifadəsinin təşkilindən ibarətdir.

Bu informasiya sistemi dünya bazarının konyukturunun təhlili və milli şirkətlərin təklifləri əsasında formalaşacaq və qeydiyyatdan keçmiş şirkətlər bu sistemə daxil ola biləcəklər. Marketinq informasiya sistemi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun və s. təşkilatların müştərək layihəsi olması daha məqsədəuyğundur. Bu mərkəz Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Xarici Ticarət Katibliyinin informasiya təminatı və həyata keçirilmiş dövlət proqramlarının effektlərinin ölçülməsi ilə dövlət marketinq fəaliyyətinin birbaşa elementlərini həyata keçirəcək.

Hazırda dövlət marketinq fəaliyyətini həyata keçirən İxracın və İnvestisiyaların Təşviqi Fondu dövlət tənzimlənməsində marketinq fəaliyyətinin dolayı elementlərinin tətbiqini həyata keçirəcək.

Fikrimizcə, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanacaq milli marketinq strategiyası qarşıda duran əsas məsələ dünya bazarına səmərəli inteqrasiyası təmin edəcək. Xüsusilə ixracın strukturunun təkmilləşdirilməsi, iqtisadi liberallaşma, biznes mühitini qabaqcıl dünya ölkələrinin təcrübəsinə yaxılaşdırmaq, xarici ticarət (ixrac) əlaqələrində iştirak edən subyektlərin sayını artırmaq və s. problemlər öz həllini tapacaq.

Sənan Yəhya
Femida.az üçün

Açar sözlər:

Oxunub: 4708


Oxşar xəbərlər