Ərdoğanla görüşən azərbaycanlı: “Alimlər mənim ixtirama heyrətləndilər” – (FOTOLAR)


19:25     10 Avqust 2016 esassss4.jpg

“Bütün uğursuz qadınların arxasında mütləq bir kişi əngəli var”.


Femida.az-ın növbəti müsahibi Türkiyədə təhsil almış və öz ixtirası ilə elm adamlarını heyrətləndirən azərbaycanlı Aytək Məmmədlidir.

Müsahibəni oxuculara təqdim edirik:

- Özünüz haqqında məlumat verərdiniz…

- Bakı şəhəri, Nəsimi rayonunda anadan olmuşam. Sonradan ailə vəziyyətimlə əlaqədar olaraq Qazax rayonuna köçməli oldum və həmin rayonun orta məktəbindən məzun oldum. Məktəb illərində Kimya olimpiadasının ve Gənc Tekniklərin Elmi- Texniki yaradıcılıq müsabiqəsinin qalibi olmuşam. 2009-cu ildə Bakı Dövlət Universitetinin Kimya fakultəsinə qəbul olmuşam. Abel Məhərrəmov tərəfindən ilin ən yaxşı tələbəsi adına layiq görülmüşəm. 2013-cü ildə BDU-da bakalavr təhsilimi bitirdim və magistratura təhsilimi Türkiyənin Qazi universitetində davam etdirdim. Magistratura təhsilimi 2 ixtisas üzrə oxumuşam: Kimya və Yüksək Texnologiyalar mühəndisliyi.Bakıda və Ankarada təhsil aldığım müddətdə sosial lahiyələrdə həm iştirakçı, həm də təşkilatçı olmuşam.

- Necə oldu ki, sizdə bu sahəyə (nanotexnologiya mühəndisliyi) maraq yarandı?

- Mən əslində universitetə hazırlaşan zaman da genetika sahəsini oxumaq istəyirdim. Böyük işləri xırda həcmli maddələrlə görmək mənim üçün çox maraqlı olub. Türkiyədə nanotexnologiya ixtisaslarının ən çox inkişaf etdiyi 4 universitet var. Bu baxımdan Qazi universiteti ən ideal variant idi. Bu universitet yeganə təhsil müəssisəsidir ki, nanotexnologiyalar yüksək texnologiyalar kimi tədris olunur. Biz həm fizika, həm kimya, həm biologiya, həm də genetika və tibb fakultəsindən dərslər ala bilirdik. Bu, özümü inkişaf etdirmək baxımından mənə çox kömək oldu.

- Nanotexnologiya mühəndisliyinin özəlliyi nədən ibarətdir?

- Nanotexnologiyalar xırda hissəciklərlə böyük işləri görməyi mümkün edən bir elm sahəsidir. Məsələn, əvvəllər hər hansı bir ölkəni yox eləmək üçün çox böyük silahlar lazım idisə, nanotexnologiyalar xırda hissəciklərdən istifadə edərək bu işi görməyi mümkün edir. Yaxud da bəzi sağalmaz xəstəliklərin müalicəsində, o cümlədən alternativ enerjilerin əldə olunmasında nanotexnologiyalardan istifadə olunur. Nanotexnologiya kiçik zərrəciklərin istifadə olunduğu, daha az vaxt, daha az itki və daha az vasitə istifadəsiylə böyük işləri hədəfləyən elm sahəsidir.

- Adətən bu cür ixtisaslara yiyələnənlər xaricdə qalıb işləməyə üstünlük verirlər. Siz isə Azərbaycana qayıtdınız...

- Universitetdə oxuyarkən normativləri uğurla yerinə yetirmişdim. Xaricdə geniş iş imkanlarım var idi. Azərbaycanda hədəflədiyim maaşdan bir neçə dəfə artıq maaş təklif olunurdu. Ölkəmizdə bu ixtisası bitirmiş kadrlara ehtiyac olduğunu düşündüm və geri qayıtdım. Ən azından Azərbaycanda bu fənni tədris etməyi planlaşdırıram. Gənclərimiz bunu kimya, fizika müəllimlərindən yox, bu ixtisasa yiyələnmiş nanotexnoloqlardan öyrənərsə, daha effektiv olar. Çünki bu ixtisas kimya, biologiya , tibb, genetika, riyaziyyat arasında keçidlərdə o qədər incəlik tələb edir ki, bu ixtisası oxumayan hec kəs o keçidləri tam şəkildə edə bilməz. Ölkənin bəzi universitetlərindən pedaqoq kimi fəaliyyət göstərmək üçün təkliflər gəlib. Bu təklifləri dəyərləndirəcəm.

- Belə deyirlər ki, qadınların beyni texniki elmləri öyrənməyə kifayət eləmir...

- İnsanın istəyib də edə bilməyəcəyi hec nə yoxdur. İnsan beyni o qədər möhtəşəmdir ki, hər şey orada başlayıb orada bitir. Sadəcə olaraq, nə istədiyinə qərar verib bu məqsəd üçün qətiyyətlə addımlamaq lazımdır. Ağıllı insanlar qadınların hansı gücə sahib olduğunun fərqindədir. Qadınlar tarix boyu öz güclərini göstəriblər. Əsas odur ki, onların azca işıq gələn ümidləri olsun. Bir yerdə gözəl bir söz oxumuşdum: Bütün uğursuz qadınların arxasında mütləq bir kişi əngəli var, amma bütün uğurlu qadınların arxasında sadəcə öz gücü və ağlı var, yeter ki istəsin.



- Bildiyimiz qədərilə hazırda işsizsiniz, iş yeri yoxdur, yoxsa necə?

- Diplom mövzumu yenicə müdafiə edib qayıtmışam. Hətta diplomumu hele almamışam. Fikrim həm bu ixtisası tədris etmək, həm də təcrübə qazana biləcəyim bir yerdə çalışmaqdır. 2007-2015-ci illər Azərbaycan Gənclərinin Xaricdə Təhsili üzrə Dövlət Proqramı ilə təhsil alan gənclər dövlət qulluğu imtahanından azaddır. Bunu da dəyərləndirib ölkəmiz üçün daha yararlı olmağı düşünürəm.

- Aldığımız məlumata görə, uğurlu diplom işiniz olub və kəşf etdiyiniz yenilik patentləşdirilib. Bu kəşfinizdən gələcəkdə hansı sahələrdə istifadə etmək olar? Nəyi kəşf etmisiniz?

- Diplom işimin mövzusu belə idi: Hidrogen enerjisini ən ucuz necə əldə etmək olar? Bu vaxta qədər 100% çıxımla bu enerjini bu maddələrlə ve bu təcrübi şəraitlə almaq mümkün olmamışdı. Hidrogen enerjisi isə alternativ enerjidir. Bu günə qədər neft və elektrik enerjisi vasitəsilə əldə etdiklərimizi artıq hidrogen enerjisindən istifadə etməklə əldə edə bilərik. Bu daha ucuz və təhlükəsiz ola bilər. Daşınması asandır. Bu gün dünyada hidrogen enerjisindən ayrı ayrı məqsədlər üçün geniş istifadə olunur. Sadəcə avtomobil sənayesini düşünmək kifayət edir ki, aldığımız havanı çirkləndirməyən ucuz yanacağın nə qədər önəmli olduğunu anlayaq.

- Türkiyədə Ərdoğanla görüşünüz barədə mediada məlumatlar var. Onunla görüşünüz necə alındı?

- Hər il ümumi Türkiyədə məzun olmuş 20 ən yaxşı tələbəyə prezidentin hədiyyəsi və diplomu təqdim olunur. Türkiyə prezidenti hər il bu tədbirə qatılırdı. Amma elə oldu ki, bizim məzun günümüz R. T. Ərdoğanın qızının toyu ilə üst-üst düşdü və Ərdoğan bizim tədbirə qatılmadı ve men diplomumu Türkiyənin xarici işlər naziri Çavuşoğlundan aldım. Lakin sonra Prezident özünün iqamətgahında bizi qəbul etdi. Ziyafətdən sonra biz R.T Erdoğanla Türkiyənin ATV ve A xəbər kanalının ortaq canlı yayımının da qonağı olduq. Orada prezident bizim suallarımızı cavablandırdı. Mən TANAP ve Türkiyənin hazırkı enerji siyasəti ve tərəfdaş dövlətlər haqqında sual vermişdim.

- Bildiyimiz qədərilə, həm də şahmatçısınız. Bu sahəyə maraq haradan qaynaqlanır? Şahmatçı kimi hansı uğurları əldə etmisiniz?

- Şahmata uşaqlıqdan böyük marağım var idi. Şahmat çox əmək tələb edən sahədir. Birinci dərəcəli şahmatçıyam. Lakin sonradan Kimya fənni tədris olunandan tam olaraq elmə yönəldim və bu sahə ilə dərindən maraqlanmadım. Kimya fənni üzrə Respublika Olimpiyadası ve Gənc Tekniklərin Respublika Elmi-Texniki yaradıcılıq müsabiqəsində fərqlənməyim isə demək olar ki, məni tam mənada elmə yönəltdi. Ancaq uğurlarımın əsasında həmin şahmatla məşğul olduğum illərin böyük qatqısı var. Valideynlərin imkan daxilində övladlarına uşaq yaşdan əqli inkişaf üçün bu cür vərdişlər aşılamalarını məsləhət görürəm.

- Adətən gənclər ixtisas seçərkən valideynlərinin təsirinə məruz qalır. Və nəticədə gənclərimiz sevmədiyi peşəyə yiyələnirlər. Əksər valideynlər övladını hakim, hüquqşünas, prokuror kimi görmək istəyir. Bu məsələyə münasibətiniz necədir?

- İnsan həmişə daha yaxşı həyat yaşamağa, sosial rifahını yüksəltməyə çalışır. Buna görə də dəqiq elmlərə böyük maraq göstərən olmur. Ölkəmizdə istehsalat çox aşağıdır. Nə qədər ki, istehsalatda elmdən istifadə olunmayacaq, ciddi uğurlar da əldə edə bilməyəcəyik. Bir neçə gün bundan əvvəl dəhşətli bir mənzərə ilə qarşılaşdım. Bakalavr təhsilini kimya, fizika, biologiya kimi fənlər üzrə alan gənclər magistratura təhsili kimi MBA-nı seçmişdilər. Bizə iqtisadiyyatdan daha çox sənayeni inkişaf etdirmək lazımdır. Gənclərdə dəqiq elmlərə maraq oyatmaq lazımdır. Bizim xalq cox ziyalı xalqdır, gənclərimiz də çox bacarıqlı ve savadlıdır. Bir sözlə, bizdə gen var, amma münbit şərait yoxdur ki, gənclər bu sahədə böyük uğura imza atsın.

- Gələcək planlarınız barədə danışardınız...

- Arzularımız çox vaxt maddi əngəllərə görə dayanmaq məcburiyyətində qalır. Əgər dövlət proqramı açılsa, təhsilimi ABŞ-da davam etdirmək istərdim. Fikrimcə, ABŞ texnologiyanın mərkəzidir. İstənilən şəxs öz bacarıqlarını bu ölkədə sərgiləyib böyük uğurlar qazana bilər. Mən insanın çox istədiyi hər şeyi mütləq reallaşdıra biləcəyinə inanıram. Ancaq hal hazırda ən böyük istəyim ölkəmizdə bu ixtisasa maraq yaratmaq və təhsil almaq üçün gənclərin müxtəlif ölkələrə getməsinə mənəvi dəstək verməkdir. Bəlkə də aramızdan xərçəngin müalicəsini tapacaq, beyin robotları hazırlayacaq, enerji problemini həll edəcək Nobel mükafatçıları var.





Ceyhun Əhmədli
Fotolar: Elvin Abdulla

Femida.az

Açar sözlər:

Oxunub: 25267