Riqada Qarabağ müzakirələri


14:48     04 İyul 2015 page_29617.jpg

İyulun 3-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Latviyaya rəsmi səfəri başlayıb. Z.Həsənov iyulun 8-dən Latviya prezidenti vəzifələrinin icrasına başlayacaq hazırkı müdafiə naziri Raymonds Veyonis ilə görüşüb.


Rəsmi qarşılanma mərasimində protokola uyğun olaraq müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Görüşdə regional təhlükəsizlik, silahlı qüvvələrin inkişafı və ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verildiyi vurğulanıb.

“Bizim ikitərəfli əməkdaşlıq sahəsində yaxşı təcrübəmiz mövcuddur. Müdafiə sahəsində əməkdaşlığımızın genişləndirilməsi qarşılıqlı surətdə silahlı qüvvələrimizin möhkəmlənməsinə kömək edəcək” - deyə Z.Həsənov bildirib. Cənab Veyonis öz növbəsində Latviyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi çərçivəsində həllinin tərəfdarı olduğunu xüsusi qeyd edib.

Sonra Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin durumu, Azərbaycanla Latviya arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Açar sözlər:

Oxunub: 710