Vəkillərlə bağlı Kollegiyaya müraciət edildi - Bağırzadənin məhkəməsindən


17:38     25 Avqust 2016 tale-bagirzade36.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az -ın APA-ya istinadən məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elçin Tağıyev şahid qismində sualları cavablandırıb. Təqsirləndirilən şəxs Abbas Hüseynov bildirib ki, şahid yalan danışır:

"Deyirlər guya 25 güllə atmışam, lakin heç biri polislərə dəyməyib. Bu adam nağıl danışır. Qara maskalı banditlər məni cizgi filmində Tomun Cerrini tutduğu kimi yıxıb yerə tutublar".

Hakim Əlövsət Abbasov isə ona iradını bildirib. Qeyd edib k, qeyri-etik ifadələr işlətmək olmaz: "Qara maskalı bandit deyirsiniz. Bu, sizin münasibətinizdir. Ancaq onlar polislər olub".

Prokuror Nəsib Bayramov da onun ifadəsinə etiraz edib. Bildirib ki, məhkəmədə qeyri-etik ifadələr işlədilməməlidir:

"Təqsirləndirilən şəxslər cizgi filmindən misal gətirirlər. Özlərini başqa yerdə hesab edirlər. Buna nəzarət etmək lazımdır".

Daha sonra Abbas Hüseynov şahiddən saxlanılan zaman üzündə olan xəsarətlərin nədən yarandığını soruşub. Şahid bildirib ki, onu saxlayanda avtomat üzünə dəyib xəsarət alıb.

İclasda hakim Əlövsət Abbasov bildirib ki, vəkillərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onların çoxu iclasa gəlmir və buna görə Vəkillər Kollegiyasına məktubla müraciət edib. Proses günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Açar sözlər:

Oxunub: 1473


Oxşar xəbərlər