Corabla rəfiqəsini boğan qadına hökm oxundu


21:08     06 İyul 2015 hebs_qadin_11111.jpg

Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Bakı sakini Sevinc Hüseynovanın (1966-cı il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.


İttiham aktına əsasən, ötən il martın 29-da Sevinc Hüseynova Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 6 mənzil 32-də yaşayan rəfiqəsi Yasəmən Salıyevanı (1971-ci il təv.) kapron corabla boğaraq öldürüb və hadisə yerindən qaçıb.

Səhəri gün Hüseynova könüllü olaraq Binəqədi RPİ 4-cü polis bölməsinə gələrək təslim olub, dərhal sonra istintaq-əməliyyat qrupu deyilən ünvana gedərək, meyidi aşkar edib və hadisə yerinin müayinəsini aparıb.

Təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Salıyevanın ölümünə mexaniki asfiksiya səbəb olub.

İstintaqın gedişatında dindirilən şahidlərin ifadələrindən mərhumun Qarabağ müharibəsi iştirakçısı olması məlum olub, 3-cü qrup əlil olan Yasəmən fərdi qaydada taksi xidməti ilə məşğul olub.

İş üzrə dindirilən Sevinc Hüseynova bildirib ki, həmin gün o rəfiqəsinin evində olarkən, təxminən axşam saat 23 radələrində aralarında şəxsi münasibətlər zəminində mübahisə başlayıb, ilk olaraq Yasəmən başı ilə onun sifət nahiyəsinə zərbə atıb, Sevinc onu itələdikdə, sonuncu yıxılaraq, başı ilə şkafa dəyib. Sonra Hüseynova əlinə keçən corabla Salıyevanı boğub və etdiyi əməldən qorxaraq, evi tərk edib.

Məhkəmə prosesində Sevinc Hüseynova ittiham üzrə özünü təqsirli hesab etməklə, əməlindən peşman olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən narazı qalan S.Hüseynova cəzasının azaldılması məqsədi ilə apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

Açar sözlər:

Oxunub: 600