Kütləvi zəhərlənmə ilə bağlı - Rəsmi açıqlama


14:50     06 Sentyabr 2016 sehiyye%20naz.jpg

Səhiyyə Nazirliyi Lənkəranda baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı ilkin məlumat açıqlayıb.


Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev Femida.az-a açıqlamasında bildirib ki, Lənkəran rayonunun Daşdatük kəndinə su mənbəyi bulaqdan çəkilib. Onun sözlərinə görə, yay ayları quraq keçdiyinə görə bu bulağa əlavə su xətti birləşdirilib: “Həmin su mənbəyi də meşədə, bataqlıq sahədə açıq halda olub. Yağışlar yağdıqdan sonra sular bulanıb və ilkin ehtimallara görə zəhərlənmə həmin suyun çirklənməsi nəticəsində baş verib. Həmin sudan daha çox uşaqlar istifadə etdiyinə görə zəhərlənənlər arasında uşaqlar çoxluq təşkil edir. Zəhərlənənlərin yalnız 4-5 nəfəri böyüklər, qalanları uşaqlardır
Əllidən çox şəxs zəhərlənmə əlaməti ilə xəstəxanaya gətirilib və hazırda onların əksəriyyətinin (80%-dən çoxu) vəziyyəti yaxşıdır, evə buraxılacaqlar”.

İ.Abdullayev əlavə edib ki, dünən hadisə baş verəndən sonra bulağa qoşulan əlavə su ayrılıb və insanların istifadəsi üçün qadağan edilib. O vurğulayıb ki, əhalinin istifadəsi üçün Lənkəran şəhərindən avtomobillərlə kəndə içməli su göndərilir və əhaliyə də xəbərdarlıq olunub ki, yalnız gətirilən içməli sudan istifadə etsinlər: “İnfeksionistlər ilkin olaraq hadisənin infeksion-yoluxucu, mədə bağırsaq xəstəliyi olduğunu bildiriblər. Amma son nəticələr müayinədən sonra bəlli olacaq. Xəstələrdən qusuntu, nəcis nümunələri, eyni zamanda su mənbələrindən ayrı-ayrılıqda nümunələr götürülərək mərkəzə göndərilib. Yəqin ki, sabah zəhərlənmənin dəqiq səbəbləri məlum olacaq”.

Açar sözlər:

Oxunub: 1121