Yol polisindən açıqlama – 5 nəfəri vuran sürücü qaçıb


21:15     07 Sentyabr 2016 dyp%20polis.jpg

Dövlət Yol Polisi İdarəsi Bakıda FHN və polis əməkdaşlarının maşınla vurulması faktı ilə bağlı məlumat yayıb.


İdarədən Femida.az-a verilən məlumatda qeyd olunur ki, Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində şəhər istiqamətində hərəkətdə olan və Cəmil Cabbarovun idarə etdiyi qumla dolu “Mercedes” markalı yük maşını yol kənarında dayanan mişar daşı ilə yüklü “KamAZ”a arxadan çırpılıb. Qəza zamanı yük avtomobilinin kabinə hissəsi deformasiyaya uğrayıb. Sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb edilib. Xilasedicilər xüsusi alətlərin köməyi ilə sürücünü avtomobildən çıxara biliblər. Xilasetmə əməliyyatının sonunda dairəvi yolla yüksək sürətlə hərəkətdə olan və İslam Manafovun idarə etdiyi “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza yerində olan 5 nəfəri vurub. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıblar.

Onlardan 28 yaşlı Vüsal Şabanov FHN-nin əməkdaşı olub. Bundan əlavə, qəza nəticəsində iki polis əməkdaşı da xəsarət alıb. Bunlar Fikrət Rüstəmov və Xətai Məmmədovdur. Hadisə yerində olan Bakı şəhər sakinləri 58 yaşlı Ramiz Şüvərxanov və 46 yaşlı Ziyəddin Yəhyayev isə qəzaya baxmaq üçün yolun hərəkət hissəsində dayandıqları üçün onları da maşın vurub.

Xəsarət alanların vəziyyəti stabildir.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

"Opel"in sürücüsü İslam Manafovu hadisədən sonra maşından düşərək özünü pis hiss etdiyini bildirib və kənara çəkilib. Az sonra isə onun hadisə yerindən qaçdığı məlum olub. Hazırda onun şübhəli şəxs qismində saxlanılması istiqamətində tədbirlər görülür.

Femida.az

Açar sözlər:

Oxunub: 1356