Hüquq müdafiəçisi təşkilatı gözləyən təhlükədən danışdı


15:04     20 Aprel 2015 klm.jpg

Femida.az-ın “Hüquq müdafiəçisi” rubrikasının növbəti qonağı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadədir.


- QHT-lərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- QHT-lərin hazırkı vəziyyətini qiymətləndirirmək üçün söz tapmaqda çətinlik çəkirəm. Bu vəziyyəti quraqlıq dövründəki bitkilərin vəziyyəti ilə müqayisə etmək olar. Nə vaxtsa, yaxşı meyvə verən ağaclar quraqlıq dövründə hansı vəziyyətdə olursa, Azərbaycan QHT-ləri də hazırda həmin vəziyyətdədir.

- Donor təşkilatların maddi yarıdımı dayandırması təşkilatınızın fəaliyyətində hansı təsiri göstərib?

- Çox ciddi mənfi təsir göstərib. Bizim nəinki fəaliyyətimiz məhdudlaşıb, hətta fəaliyyətimizin dayanması təhlükəsi yaranıb.

- Hazırda sığınacaqda neçə uşaq var?

- Sığınacaqda olan uşaqların sayı daim dəyişir. Hər gün kimsə gələ, başqa biriləri isə sığınacağı tərk edə bilər. Ümumilikdə, sığınacaqda olan insanların sayı 25-30 arasında tərəddüd edir. Onlardan 20-24 nəfəri uşaq, 4-7 nəfəri isə qadın olur.

- QHT rəhbəri kimi dövlətdən daha çox hansı dəstəyi gözləyirsiniz?

- Dövlətin (konkret olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin) bizim təşkilata olan ögey münasibətini gördükdən sonra dövlətdən hər hansı dəstəyə ümid etmirik.

- Bir neçə il əvvəl sığınacağınızda olmuş, daha sonra sığınacaqdan ayrılan uşaqların aqibətindən xəbər tuta bilirsinizmi?

- Sığınacağı tərk edən uşaqların taleyi ilə maraqlanırıq və imkanımız daxilində dəstəyimizi əsirgəmirik. Onların içərisində ailəsinə qovuşaraq, həyatını doğmaları ilə birgə davam etdirənlər də var, ali məktəbə daxil olan da, ailə quran da, işləyən də, təəssüf ki, bəzən müxtəlif qrupların təsirinə düşərək, həbsxana həyatı yaşayanlar da.

-Təşkilatın maddi problemlərini necə həll edə bilirsiniz?

- Çox böyük çətinlik çəkirik. Əməkdaşlarımızın əksəriyyəti yeddinci aydır ki, əmək haqqı almadan işləyirlər. Mən hələ, icarə haqqı, kommunal və digər gündəlik xərcləri demirəm.

- Hüquq-mühafizə orqanları ilə qarşılıqlı işdə hər hansı problemləriniz və anlaşılmazlıqlar yaşayırsınızmı?

- Hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətimizdə hər hansı problem və anlaşılmazlıq yoxdur. Biz onlarla əsasən, ümumi işlər gördüyümüzdən bir-birimizə yardım göstəririk.

Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 960