“Onlara nə icazə verilməli, nə də şərait yaradılmalıdır” – YAP rəsmisi mitinqlərdən danışdı


16:51     14 Sentyabr 2016 siyavus%20(2)2.jpg

“Onlar Seçki Məcəlləsinin əleyhinə olaraq mitinq keçirirlər. Çünki nə Milli Şura, nə də Musavat partiyası referendumla bağlı təşviqat qrupu kimi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Ona görə də onların keçirdiyi mitinq qanunsuzdur”.


Bu sözləri Femida.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

YAP rəsmisinin sözlərinə görə, referendumla bağlı bütün mitinq və tədbirlərin keçirilməsi Seçki Məcəlləsi ilə tənzimlənir:

“Son hadisələri müxalifətin xaricdən maliyyə dəstəyi almaq və Azərbaycanda gedən uğurlu işlərə kölgə salmaq cəhdi kimi dəyərləndirilməlidir. Qısaca olaraq, öz qohum-əqrabalarını, dost tanışlarını və pulla tutub yığdıqları adamlarla tədbir keçirirlər. Mitinq keçirmək hər bir insanın, təşkilatın hüququdur. Amma əgər kimsə referendumun lehinə (və yaxud da əleyhinə) mitinq keçirmək istəyirsə, mütləq Mərkəzi Seçki Komissiyasından qeydiyyatdan keçməlidir. Əgər keçməyibsə, onların təşviqat qrupu kimi mitinq keçirməsi qeyri-qanunidir. Buna görə də bunlara nə icazə verilməlidir, nə də şərait yaradılmalıdır. Onlar Bakı Şəhər İcra Hakimiyyətinə tamamilə başqa ad altında müraciət ediblər. Edilən xəbərdarlıqlara baxmayaraq, mitinqdə istər irqi ayrıseçkilik, istər şərəf və ləyaqətin pozulması, istərsə də referendumla bağlı qeyri-qanuni şüarlar səsləndirildi. Yəqin ki, onlar mitinq üçün bir daha müraciət etsələr, bu məsələyə baxılar. Referendumla bağlı kimsə tədbir keçirirsə, bu, artıq seçki məcəlləsi ilə tənzimlənir”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 10042