Əmanətlərin faiz dərəcələri yenə qalxdı


21:40     16 Sentyabr 2016 emanet%20faiz.jpg

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank ilə razılaşdırılmaqla sentyabrın 16-dan etibarən milli valyutada olan qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddini illik 12 faizdən 15 faizə qaldırıb.


Əmanətlərin Sığortalanması Fondunun mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, bu gündən etibarən üzv banklarda milli valyutada əmanətlər üzrə illik faiz dərəcəsi 15 faizdən yuxarı olarsa, bu əmanətlər fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Xatırladaq ki, xarici valyutada yerləşdirilən əmanətlər üzrə illik faiz dərəcəsi 3 faizdir.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

2016-cı il martın 1-də qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilib və sentyabrın 16-dan qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 15 faiz, martın 2-dən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz həddində olan fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.

Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb-səhifəsindən: www.adif.az saytından əldə edə, həmçinin fondun 941 saylı qaynar xətti və ya 596 65 91/92/93 nömrələri vasitəsilə əlaqə yarada bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 1342