Qadın hərbçilərimizə həsr olunmuş tədbir


03:30     23 Sentyabr 2016 363e01606557bf96fc62e89a93c5b03d.jpg

Müdafiə nazirinin tapşırığına əsasən Şəmkir şəhərindəki "N" saylı hərbi hissədə "Qadın hərbi qulluqçular və milli-mənəvi dəyərlərimiz" mövzusunda seminar-müşavirə keçirilib.



Femida.az -ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, general-mayor Xəqani Cəbrayılov giriş nitqində bildirib ki, bu gün Silahlı Qüvvələrin ayrı-ayrı qoşun növlərində, birlik, birləşmə hərbi hissələrində, xüsusi təyinatlı təhsil müəssisələrində yüzlərlə qadın hərbi qulluqçu Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edir, vəzifə borclarını şərəflə yerinə yetirir. Onların xidməti üçün ən müasir şərait yaradılıb və qadın hərbi qulluqçularının da xidmətləri həmişə yüksək qiymətləndirilir.

Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda neçə-neçə qadın hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına, döyüş orden və medallarına layiq görülüb. Qadınlar bu gün də hərbi peşələrə böyük maraq göstərərək Silahlı Qüvvələrdə xidmət etmək istəyirlər.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani mövzu ətrafında geniş məruzə ilə çıxış edərək tarixin bütün mərhələlərində Azərbaycan qadınlarının fədakarlıq və qəhrəmanlığını xatırladıb.


Nəzərə çatdırılıb ki, milli-mənəvi dəyərlərə malik olmadan əsil vətənpərvər döyüşçü olmaq qeyri-mümkündür. Odur ki, hər bir qadın hərbi qulluqçu da milli-mənəvi dəyərlərimizi dərindən öyrənməli, bu dəyərlər əsasında formalaşmalı, milli ruhda tərbiyə olunmalı və milli adət-ənənələrimizə sadiq olmalıdır, keçirilən seminar-müşavirə də bu məqsədi daşıyır.

Hərbi hissənin zabiti, polkovnik-leytenant Rasim Manafov qadın hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı, onların əxlaqi və hüquqi tərbiyəsi səhəsində görülən məqsədyönlü tədbirlərdən danışaraq bu işin prioritet olduğunu qeyd edib.
Böyük Vətən müharibəsində hər iki gözünü itirmiş yaralı əsgəri Çexoslovakiyadan Azərbaycana gətirmiş çex qızı Erikanın fədakarlığını tərənnüm edən "Səhra gülü" sənədli filminə baxışdan sonra seminar-müşavirə iştirakçılarından gizir Səadət Səfərova, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından çavuş Elnurə Mustafayeva, kiçik çavuş Ülviyyə Pənahova, əsgərlərdən Sevda Məmmədova, Elmira Məsimova, Aynurə Kazımova və başqaları çıxış ediblər.

Açar sözlər:

Oxunub: 1102