Elman Nəsirovdan Kerriyə sərt cavab “Bu, nə deməkdir?!”


16:45     30 Sentyabr 2016 elman3.jpg

“Con Kerri öz bəyanatına bir qədər düzəliş etsə, daha yaxşı olardı. O, “Bizim hakimiyyətimiz dövründə bu münaqişəni həll etmək mümkün olmadı və biz də noyabr ayında hakimiyyətdən gedirik” şəklində açıqlama verməli idi”.


Bu sözləri Femida.az-a açıqlamasında politoloq Elman Nəsirov deyib.

Politoloq bildirib ki, Con Kerrinin sərgilədiyi mövqe qeyri-peşəkar yanaşmadır:

“Siyasətdə bir şey mümkündür, yaxud mümkün deyil, şəklində ifadələr işlətmək düzgün deyil. Con Kerri məsələyə qeyri-peşəkar yanaşma sərgiləyib. Mən çox təəssüf edirəm ki, Kerri kimi bir diplomat politologiyanın əlifbası adlandırdığımız məqamı nəzərdən qaçırıb. Bəli, bugünkü reallıqlarda Dağlıq Qarabağ münaqişəsinin həlli mümkünsüz görünə bilər, amma reallıqlar çox tez dəyişir. ABŞ-da kimin hakimiyyətə gələcəyi hələ bəlli deyil. Bu nöqteyi nəzərdən, ABŞ kimi bir fövqəldövlətin münaqişənin həlli ilə bağlı bu cür aciz mövqe sərgiləməsi düzgün deyil. Kerri onu qeyd etməli idi ki, “Hakimiyyətdə olduğumuz dövrdə əlimizdə olan bütün imkan və rıçaqlardan yüksək səviyyədə istifadə etmədik və ABŞ-ın həll edəcəyi məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsi aşağı sıralarda yer tapdı. Bu baxımdan da onun həllində ABŞ öz qətiyyətli mövqeyini ortaya qoya bilmədi”. Məsələyə bu cür yanaşılmalı idi. Fələstin münaqişəsini həll oluna bilən münaqişə kimi təqdim edib, Dağlıq Qarabağ münaqişəsinin isə həllinin mümkünsüz olduğunu demək, hesab edirəm ki, münaqişənin həll olunmasına yox, onun həllinin buxovlanmasına xidmət edə bilər. Əslində belə ifadələr işlədilməməlidir”.

Elman Nəsirov Kerrinin Rusiyaya eyham vurması ehtimalına da toxundu. O, Kerriyə əgər Fələstin münaqişəsində Rusiyanın strateji maraqları yoxdursa, niyə bu günə qədər ABŞ bu münaqişəni həll etməyib, şəklində sual ünvanladı:

“Əgər doğrudan da Con Kerri Rusiyaya eyham vurursa, yaxud da Rusiyanın Fələstin münaqişəsində strateji maraqlarının olmamasından yana çıxış edirsə, hesab edirəm ki, bu da düzgün yanaşma deyil. Bu, ABŞ-ın dövlət siyasətinin ziddinə olan ifadələrdir. Çünki əgər doğrudan da, Fələstin-İsrail münaqişəsinin həllində Rusiyanın rolu və maraqları yoxdursa, deməli, daha çox ABŞ-ın bu münaqişənin həllində maraqları cəmlənib. Bəs, niyə bu münaqişə indiyə qədər həll olunmayıb?! Bu nə deməkdir?! Siz istəmirsiniz, yoxsa gücünüz çatmır?! Rusiya amili olsa, anlaşılan idi. Niyə Fələstin münaqişəsində passiv müşahidəçi statusunda dayanırsınız?! Yoxsa ABŞ belə münaqişələrin qorunub saxlanılmasında maraqlıdır?! Hesab edirəm ki, tezisə qarşı anti-tezis var. Yəni Rusiya amilinə eyham vurulubsa, bunun özü də düzgün yanaşma deyil”.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və “Atlantik” həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduqca pessimist fikir səsləndirib. Kerrinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var ki, onların nizamlanması hazırda mümkünsüz görünür, çünki, hər şeydən əvvəl, liderlər buna hazır deyil. O daha sonra İsrail-Fələstin münaqişəsi bu tip münaqişələrə aid olmadığını və kompleks tədbirlər görüldüyü təqdirdə Fələstin probleminin öz həllinə qovuşacağını deyib.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 6288