Nikah müqaviləsi ilə bağlı BİLMƏDİKLƏRİNİZ


16:27     08 Oktyabr 2016 97278b1e-753a-4ebc-832e-3bea244d59e53.jpg

“Nikah müqaviləsini bağlamaq ər-arvadın hüququdur. Hər kəsin müqavilə azadlığı vardır. Bütün şəxslər azad surətdə, qanunvericiliyə zidd olmayan müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər. Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur”.


Bu sözləri Femida.az-a açıqlamasında hüquqşünas Məhərrəməli Həmidov deyib.

Hüquqşünas bildirdi ki, birgə nikah dövründə əldə edilmiş əmlak ər-arvad arasında bərabər bölünür. Lakin bəzi istisnalar da var:

“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.2-ci maddəsində də qeyd edilib ki, nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Yəni ki, birgə nikah dövründə əldə edilmiş əmlak ər-arvad arasında bərabər bölünür. Bu zaman, ər-arvadın hansınınsa gəlir əldə edib-etməməsi və əmlakın hansının adına olmasının heç bir əhəmiyyəti yoxdur. Lakin, bəzi istisna hallarda var. Belə ki, Məcəllənin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir”.

“Nikah müqaviləsinin isə mahiyyəti ondan ibarətdir ki, ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər” – Məhərrəməli Həmidov dedi.



Hüquqşünas bildirdi ki, aşağıdakı müddəalar nikah müqaviləsində nəzərdə tutula bilməz:

“Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz. Belə olduğu təqdirdə, müqavilənin şərtləri əri (arvadı) çox əlverişsiz vəziyyətə saldıqda nikah müqaviləsi onun tərəfindən mübahisələndirilə bilər. Belə müqavilələr, əqdlərin etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş əsaslarla məhkəmə tərəfindən tamamilə və ya qismən etibarsız hesab edilə bilər”.

Hüquqşünas onu da əlavə etdi ki, nikah müqaviləsi ər-arvadın razılığı ilə istənilən vaxt dəyişdirilə və ya pozula bilər:

“Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir. Nikah müqaviləsinin bağlanması, dəyişdirilməsi və pozulması barədə ər (arvad) öz kreditoruna məlumat verməlidir. Bu vəzifəni yerinə yetirmədikdə ər (arvad) nikah müqaviləsinin məzmunundan asılı olmayaraq öz öhdəliklərinə görə məsuliyyət daşıyır. Kreditor nikah müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya onun pozulmasını tələb etmək hüququna malikdir”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4165