Pambığın yağışdan sonrakı aqibəti - Açıqlama


15:09     19 Oktyabr 2016 1472884652126893040_1000x669%20(1).jpg

Yağışın vurduğu əsas zərər gecikmə ilə bağlıdır.


Bu sözləri Femida.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

Nazirlik rəsmisi bildirib ki, yığılası pambıq sahələrdədir və hava şəraiti imkan verən kimi yığım bərpa olunacaq:

“Təbii ki, hava şəraitinin kəskin dəyişməsi pambıqçılıq təsərrüfatına ciddi zərər vurub. Neçə gündür bölgələrə yağan aramsız yağışlar pambıq yığımını bir qədər gecikdirib. Bu günə qədər 40 min tona yaxın məhsul istehsal olunub. Ümumi proqnozumuz isə 100 min tondan artıqdır. Sahələrdə bol məhsul var və hava şəratiti imkan versə, yığım ayın axırına kimi yekunlaşacaq”.

Qeyd edək ki, pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindən az sonra cənab İlham Əliyev pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında 22 sentyabr 2016-cı il tarixli sərəncam imzalayıb. Sərəncamda ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədi ilə emal müəssisələrinə satılan hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya nəzərdə tutulması qərara alınıb. Yeri gəlmişkən, sənəddə nəzərdə tutulan subsidiyanın 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılan xam pambığa da şamil edilməsi qeyd olunur. Bundan başqa, sərəncamda Nazirlər Kabinetinə emal müəssisələrinə satılan hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına subsidiyanın verilmə qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla 15 gün müddətində müəyyən etmək tapşırılır.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3076


Oxşar xəbərlər