“ Qarabağ məsələsində Amerika həlledici söz sahib deyil“ - Fərhad Mehdiyev


16:01     16 İyul 2015 1436994794.jpg


Qərb Azərbaycanın ciddi olaraq Rusiyaya tərəf getdiyini hiss etsə, o zaman nəinki Qarabağ məsələsində, digər məsələlərdə də rəsmi Bakını razı salacaq müəyyən addımlar ata bilər.

Bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ ətrafındakı işğal altında olan ərazilərin Azərbaycana qaytarılması ilə bağlı fikrini şərh edərkən politoloq Fərhad Mehdiyev deyib. Onun sözlərinə görə, Azərbaycan üçün əsas məsələ Dağlıq Qarabağ azad olunanadək aralıq statusun müəyyənləşdirilməsidir:

“ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlik 6 prinsipdən danışıb. Bunlar isə indiyə qədər danışıqlar masasında olan prinsiplədir. Birincisi, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması, ikincisi, qaçqınların bu əraziyə yerləşdirilməsi, üçüncüsü, Dağlıq Qarabağa keçici status verilməsi, dördüncüsü, Laçın dəhlizinin saxlanılması (o, qeyd edib ki, gediş-gəlişin rahat təmini üçün dəhliz bir az da genişləndirilməlidir), habelə Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi və kommunikasiya xətlərinin bərpası. Ancaq həmsədr qeyd edib ki, tərəflər bu prinsiplərdən hansısa birini seçməkdə sərbəst deyillər. Bu prinsiplər ortaq şəkildə paket olaraq həyata keçirilməlidir. Danışıqlar da hazırda bunun ətrafında gedir. Əslində Uorlikin bu şəkildə danışığı və sözügedən prinsiplər Azərbaycanı qane etmir. Çünki burda Dağlıq Qarabağın müstəqilliyindən və yaxud da dəqiq bir referendum tarixindən danışılmır”.

Politoloqun fikrincə, Ceyms Uorlikin fikirləri əslində Azərbaycanı qane etmir: “Çünki onun fikri o anlama gəlir ki, aralıq statusu haqqında razılıq əldə edilmədən digər prinsiplər həyata keçirilməyəcək. Azərbaycan tərəfi isə sözügedən prinsiplərin həyata keçirilməsi ilə yanaşı aralıq statusunun müəyyənləşdirilməsinin tərfədarıdır. Ancaq Uorlikin fikri işin sülh tərəfini ləngidir. Çünki aralıq statusla bağlı tərəflər konsensusa gələ bilmirlər. Sülhməramlılara gəldikdə isə bu məsələ hələ tam müəyyənləşdirilməyib. Dağlıq Qarabağda ATƏT-in, yaxud da BMT-nin sülhməramlılarının yerləşdirilməsi, bununla bağlı maliyyə və zaman məsələsi hələ sual altındadır. Sülhməramlıların yerləşdirilməsi çox bahalı bir missiyasıdır. Bütün bunlar danışılması tələb olunan məsələlərdir. Əslində Uorlikin bu bəyanatını Qərbin addımına bağlamaq lazım deyil. Qərb Azərbaycanın ciddi olaraq Rusiyaya tərəf getdiyini hiss etsə, o zaman nəinki Qarabağ məsələsində, digər məsələlərdə də Azərbaycanı razı salacaq müəyyən addımlar ata bilər. Unutmayaq ki, Dağlıq Qarabağ məsələsinin həllində Amerika həlledici söz sahib deyil. Əsas söz sahibi Rusiyadır”.

Qeyd edək ki, dünən “Vedomosti” qəzetinə müsahibəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan torpaqlarının geri qaytarılmalı olduğunu deyib. O, münaqişədən sonra Qarabağa sülhməramlıların yeridilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.

Açar sözlər:

Oxunub: 1877