“Aşağı tarifli özəl uçuşlar təşkil ediləcək” - Cahangir Əsgərov


22:13     16 İyul 2015 6VV.jpg

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyevin “Aviabiletlərin qiymətinin bəzi hallarda süni şəkildə qaldırılması” ilə bağlı verdiyi tapşırıqlar “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin ötən gün keçirilmiş kollegiya iclasında ciddi şəkildə müzakirə olunub.


Qurumdan Femida.az-a daxil olan məlumata görə, İdarə heyətinin sədri Cahangir Əsgərov heyət üzvlərinə hava xətti tariflərinin dərindən təhlil edilməsini, aviabiletlərin qiymətinin aşağı salınması yollarının təyin edilməsini, güzəştlərin tətbiqi şərtlərinin və tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlanması barədə tapşırıqlar verib.

Azərbaycana xarici turist axınının cəlb edilməsinin vacibliyini vurğulayan C.Əsgərov qeyd edib ki, artıq bu istiqamətdə işlər başlanılıb: “Ən qısa vaxt ərzində "Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən turizm marşrutlarında aşağı tarifli özəl uçuşlar təşkil ediləcək."

AZAl rəhbəri mövcud hava xətlərində müəyyən sayda yerin aşağı tariflə satışı çıxarılmasına dair bəzi təkliflərin artıq hazır olduğunu diqqətə çatdırıb: “Bu tariflər yaxın günlərdə tətbiq ediləcək. Belə tədbirlər uçuşların təhlükəsizliyinin yüksək səviyyədə qorunub saxlanılması və mövcud xidmət keyfiyyətinin davam etməsi şərti ilə həyata keçirilməlidir. AZAL-ın və İqtisadi İnkişaf və Sənaye Nazirliyinin mütəxəssislərindən ibarət yaradılmış birgə işçi qrupu da aviabiletlərin qiymətləri ilə bağlı öz təklif və tövsiyələrini hazırlayacaq."

Qeyd edək ki, iclasda təhlillərin nəticəsi əsasında qiymətlərə yenidən baxılması və onların optimallaşdırılması mexanizmi ilə bağlı təkliflərin hazırlanaraq hökumətə təqdim edilməsi barədə qərar qəbul olunub. Bu qərarlar barədə cəmiyyətə geniş məlumat veriləcək.

Açar sözlər:

Oxunub: 1442


Oxşar xəbərlər