Arzusu çin olan şəhid, ad günün mübarək, yoldaş polkovnik


19:56     02 Noyabr 2016 vuqar%20yusifov.jpg

Aprel döyüşlərinin ən qızğın vaxtları idi. Cəbhə bölgəsində jurnalist kimi fəaliyyətimi davam etdirirdim. Məlumatlar bir-birini işıq sürəti ilə əvəzləyirdi. Hadisələri isti-isti dərk etmək mümkün deyildi.



Cəbhə bölgəsində güllələr havada uçduğu anda hərbçilərdən qulağım belə bir söz çaldı: “Polkovnik Goranboyda şəhid oldu”. Təbii ki, həmin polkovnikin kim olduğunu müəyyən etmək həmin anda mümkünsüz idi. Ancaq həmin cümlə ürəyimdə bir narahatlıq yaratdı. Axı, polkovnik kiçik rütbə deyil...
Kimdir bu polkovnik?...

Döyüşlər dayandı. Mənim bundan sonrakı vəzifəm həmin o qanlı döyüşlərdə qəhrəmanlıq göstərib, qanla tarix yazan qəhrəmanları xalqa çatdırmaq idi. Elə ilk ağlıma gələn həmin polkovnikin kim olduğunu öyrənmək oldu. Artıq sosial şəbəkələr, saytlar həmin polkovnikin fotolarını yayırdı.

Kimdir həmin polkovnik?...

Həmin sualın arxasınca polkovnikin yaşadığı Sumqayıta yollanıram. Artıq şəhid polkovnikin yaşadığı ünvanı da tapmışam. Hər zaman qonaqları gülərüzlə qarşılayan həmin polkovnik artıq yoxdur. İndi o adına layiq zirvədə uyuyur. Məni isə polkovnikin yadigarları - övladları qarşılayır. Diqqətimi ilk cəlb edən şəhid polkovnik Vüqar Yusifovun hələ dünyada nə baş verdiyini anlamayan balaca oğlu Yusifdir. Öz aləmində oynayır, o yana bu yana qaçır. Ancaq onun iti baxışlı göy gözləri çox kədərlidir. Vüqar Yusifovun həyat yoldaşı Lalə xanım da, elə hərbçiyə layiqli bir xanım kimi yaddaşıma hopur.
Budur, şəhid xanımı mərdi-mərdanə dayanıb. Çünki həyatda nəfəsinə ehtiyacı olan 3 övladı var.

Bəlkə də bu səbəbdən ürəyi dağlı qadın başını dik tutmuşdu. “Ağlamayacağam” deyirdi.

Ordumuzun ən gənc polkovniki, aprel döyüşlərinin ən yüksək rütbəli şəhidi...

Şəhid polkovnikin qaynı Kənan Əliyev polkovnikin tərcümeyi-halını danışanda anladım ki, həmin vaxt hərbçilər niyə yüksək səslə və təəssüflə “Polkovnik şəhid oldu” demişdilər. O, Azərbaycan Silahlı Qüvvələri tarixində 40 yaşında polkovnik rütbəsini alan və Silahlı Qüvvələrimizin tarixində verdiyimiz ikinci şəhid polkovnik Vüqar Yusifov idi. Özü də ordunun görən gözü, eşidən qulağı olan Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat rəisi idi. O kəşfiyyat rəisi ki,Türkiyədən tutmuş, Pakistana, Amerikaya qədə r uzun yol keçmişdi. Həmin uzun yol özünün də arzuladığı sonluqla və yüksəklikdə bitmişdi. Hələ uşaq vaxtı efirdə Xocalı faciəsinin görüntülərini görərkən anasına “Ana, hərbçi olacam, düşməndən qisasımı alacam” demişdi.





O vaxtlar uşaq, bu gün polkovnik arzusuna çatmışdı. 24 ildir, susuzluqdan yanan həmin çöllər Vüqarların, Raqufların, Pəncəlilərin, Dilsuzların, Elimdarların və onlarla belə qəhrəmanların qanları ilə sulandı. Təzəcə polkovnik rütbəsi almış zabitin son döyüşü və son görüşü oldu. Bu elə onun tutduğu vəzifəyə və rütbəyə layiq oldu. Azğın düşmən layiqli cavabını almışdı. Polkovnik silahdaşları ilə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqaqəmətində döyüşdə silahdaşları ilə xeyli erməni məhv etmişdi. Artıq postlar düşməndən alınmışdı. Ancaq qəhrəman zabit şərəfli vəzifəsini şərəflə davam etdirmək qərarını verir. O Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat rəisi kimi səngərdə yox, arxa cəbhədə də dayana bilərdi. Ancaq o polkovnik Yusifov idi. Başladığı şərəfli yolu şərəflə də sona yetirməli idi. Belə də oldu. Heç bir ay olmamış polkovnik rütbəsini çiyinlərində daşıyan zabit əfsanəyə çevrildi. Azərbaycan ordusu həmin gecə aprel döyüşləri zamanı ən yüksək rütbəli şəhidini verdi. Bununla da tarixdə hər zaman yeni səhifələr açmağı adət edən zabit bu dəfə də yeni səhifə açdı. Müstəqil Azərbaycanın ən gənc polkovniki, bu dəfə Aprel döyüşlərindən ən yüksək rütbəli zabiti kimi tarixə düşdü. Səngərlərin zabiti elə son günlərini də səngərdə başa vurdu. Döyüşlərə öz ayağı ilə gedən zabit, son mənzilə xalqın çiynində getdi. Geridə ondan şərəfli ad və 3 övladı qaldı. Bu da həmin qanlı döyüşlər günü eşitdiyim polkovnikin qısa tərcümeyi halı. Bu gün onsuz ilk ad günü qeyd olunur!

Polkovnik Vüqar Yusifovun dostları, ailəsi, hərbçi yoldaşı onsuz ilk ad günün qetd edir. Ad günün mübarək, şəhadətin mübarək, polkovnik! Vətən sağ olsun!









Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 45380


Oxşar xəbərlər