Feysbukdakı səhifələr vergi ödəyirmi? - ARAŞDIRMA


17:13     05 Dekabr 2016 sehife.jpg

Bu gün feysbuk sosial şəbəkəsinin Azərbaycan bölməsində istifadəçi sayı 2 milyona yaxınlaşmaqdadır. İstifadəçi sayı artdıqca biznes mühiti üçün də əlverişli şərait yaranır. Buna görə də reklam və biznes məqsədilə açılmış səhifələrin sayının da get-gedə artığı müşahidə olunur. Bu səhifələrin hamısı olmasa da, bəzilərinin reklam məqsədli paylaşımlardan gəlir əldə etdiyi sirr deyil.


Azərbaycanda hər hansı bir formada qeydiyyatı aparılmayan bu cür səhifələrin vergi ödəyicisi olub-olmadığını öyrənmək üçün Vergilər Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, əgər şəxs hər hansı bir formada gəlir əldə edirsə, dövlət büdcəsinə vergi ödəməlidir. Bu qayda sosial şəbəkələrdə mövcud olan səhifələrə də aiddir:

“Həmin səhifələrə nəzarət vergi orqanları tərəfindən aparılır. Vergi orqanlarında isə saytın, yaxud da səhifənin yox, vergi ödəyicisinin qeydiyyatı aparılır. Sayt, səhifələr isə fiziki, ya da hüquqi şəxs kimi qeydiyyata alınır və bəyannaməsini verərək ümumi qaydada vergisini ödəyir. Əgər şəxs gəlir əldə edirsə, sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, reklam, yaxud da elektron ticarətlə məşğuldursa, vergisini ödəməlidir. Əgər ödəmirsə, uçotdan gizlənirsə, Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə ödəməlidir. Əgər yoxlama zamanı bu hal aşkarlanıbsa və vergi orqanalarına bəyannamə təqdim etməməklə yayındırılıbsa, 58.1-ci maddə ilə vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Yəni sanksiyaların məbləğləri işin yaranma halından və vergi qanunvericiliyinin pozulması hallarından asılıdır”.



Bəs görəsən, reklam və biznes xarakterli paylaşımlar edərək gəlir götürən feysbuk səhifələri vergi ödəyirmi?

İstifadəçilərinin sayı bir milyona yaxınlaşan “Azerbaijan-Azerbaycan” səhifəsinin rəhbəri Emil Məmmədov saytımıza açıqlamasında bildirdi ki, əldə etdiyi gəlirdən qanunla müəyyən olunmuş qaydada vergi ödəyir:

“VÖEN açdırmışam və hamı kimi mən də gəlirimin 4 faizini vergi kimi dövlət büdcəsinə ödəyirəm”.

Ölkədə kifayət qədər nüfuzu olan Söz Bazarı səhifəsinin rəhbəri Mircəlal Məcidli vurğuladı ki, vergi ödəmir. Səbəbini isə bu cür izah etdi:

““Söz Bazarı” səhifəsi kommersiya fəaliyyəti ilə məşğul olmadığı üçün qazancımız da yoxdur. Səhifəmiz daha çox şəhidlərimizin, Milli Qəhrəmanlarımızın, ölkəmizi müxtəlif sahələrdə təbliğ edən şəxslərin təbliği ilə məşğuldur. Bundan əlavə əməkdaşı olduğum saytın yazıları da məlumat kimi paylaşılır. Səhifəni yaradanda məqsədim qazanc yox, təbliğat olub”.



İstifadəçilərinin sayı yarım milyona yaxınlaşan “Azxeber.com” səhifəsi də aktiv paylaşımları ilə diqqəti cəlb edir. Eyniadlı saytın baş redaktoru olan Hacıbəy Heydərli bildirdi ki, sözügedən səhifə Azxeber.com saytının bir qoludur və bu sayt MMC kimi qeydiyyata alınıb:

“İlk olaraq qeyd etmək istəyirəm ki, təkcə feysbukun deyil, ümumilikdə sosial şəbəkələrin, internet resurslarının və onlayn satış məqsədilə istifadə olunan saytların tənzimlənməsinə ehtiyac var. Çünki biz bu gün görürük ki, belə saytlar külli miqdarda gəlir əldə edir, lakin vergidən yayınır, boyun qaçırır. Qaldı ki, sosial şəbəkə səhifələrinə qeyd edim ki, Azxeber.com-un səhifəsi kommersiya və ya biznes tipli səhifə deyil, saytın rəsmi facebook səhifəsidir, biz səhifədən gəlir əldə etmək məqsədilə deyil, saytda yayımlanan xəbərlərin daha kütləvi auditoriyaya çıxması üçün istifadə edirik. Bir növ səhifə saytımızın bir qoludur və qeyd edim ki, Azxeber.com media MMC olaraq qeydiyyatdan keçib və artıq neçə ildir ki, vergi ödəyicisidir”.

Sosial şəbəkələrdə mövcud olan səhifələrlə bağlı vergi qanunvericiliyində ciddi boşluqların olduğu açıq-aşkar hiss olunmaqdadır. Belə ki, bu cür səhifələrin Azərbaycanda vahid qeydiyyat mərkəzi yoxdur və bu baxımdan həmin səhifələrin fəaliyyətinə nəzarət də mümkünsüz olur. Bu barədə Femida.az-a danışan millət vəkili Vahid Əhmədov dedi ki, bu sahədə müəyyən boşluqlar var və yəqin ki, gələcəkdə ya müvafiq qanun layihəsi hazırlanar, ya da hansısa qanuna əlavələr edilər:



“Əgər hər hansı bir şəxs reklam fəaliyyəti ilə məşğuldursa, mütləq vergi ödəməlidir. Feysbukun Azərbaycan 2 milyon istifadəçi varsa, deməli, bu sahədə müəyyən tənzimlənmə labüddür. Reklam haqqında qanun qəbul olunarkən internetlə əlaqədar müəyyən vergi sisteminin dəqiqşləşdirilməsi mexanizmini müəyyən etmişdik. Lakin nəzərə almalıyıq ki, istifadəçilərin sayı xeyli artıb. Buna görə də ola bilər ki, müvafiq qanun layihəsi hazırlansın, yaxud da hansısa qanuna əlavələr edilsin”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2512


Oxşar xəbərlər