Ermənilərin növbəti təxribatı iflasa uğradı


19:34     06 Dekabr 2016 Elxan-Suleymanov8.jpg

Son illər Azərbaycanın beynəlxalq təşkilatlarda müxtəlif məsələlərdə qazandığı uğurlar erməni lobbisinin və digər antiazərbaycan qüvvələrin təşvişinə səbəb olub. Bu uğurlar əsasən iki məsələ - guya insan hüquqlarının pozulması, qondarma siyasi məhbus məsələləri ilə təzyiq göstərilməsi cəhdlərinin iflasa uğraması və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və digər 7 rayonunun davam edən işğalı ilə bağlı qətnamələrin qəbuludur. Əgər siyasi məhbus məsələsində əldə edilən uğurun göstəricisi 2013-cü ildə AŞPA-da alman deputat Kristof Ştrasserin məruzəsinin əleyhinə Assambleya üzvlərinin mütləq əksəriyyəti tərəfindən səs verilməsi idisə, digəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf 7 rayonunun işğalı ilə bağlı qəbul edilmiş qətnamələrdir. Bu istiqamətdə qəbul edilən son qətnamə bosniyalı deputat Militsa Markoviçin müəllifi olduğu 2085 (2016) saylı “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamədir.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Elxan Süleymanov Femida.az -a bildirib ki, bu uğurları şübhə altına almaq üçün erməni lobbisi və digər antiazərbaycan qüvvələr hər cür uydurmalar yaradaraq Azərbaycanın nailiyyətlərinə kölgə salmağa cəhd göstərirlər.

Deputatın sözlərinə görə, ermənilər Militsa Markoviçə qarşı qarayaxma kampaniyasına başlayıblar:

“Bosniya və Herseqovina mətbuatının verdiyi məlumata əsasən, bu günlərdə ölkə parlamentinə və mətbuatına anonim məktub daxil olub. Məktubda qeyd edilir ki, bu ilin əvvəlində AŞPA-da qəbul edilən 2085 saylı qətnamənin hazırlanması dövründə qətnamənin müəllifi deputat Militsa Markoviç erməni tərəfi ilə əməkdaşlıq etməyib və ermənilər üçün tam qərəzli olan bir mətn hazırlayıb”.

E.Süleymanov bildirib ki, məktubun müəllifi məqsədyönlü şəkildə ölkə parlamentarilərini və ictimaiyyətini aldatmağa çalışıb: “Belə ki, 2085 saylı qətnamə hazırlanarkən Ermənistan tərəfi məruzəçinin və AŞPA rəhbərliyinin təkidlərinə baxmayaraq, məruzəçi ilə əməkdaşlıqdan imtina edib. Məhz bu səbəbdən həmin qətnamənin 8-ci bəndində vurğulanır: “Assambleya Ermənistan parlament nümayəndə heyətinin və Ermənistan hakimiyyətinin bu məsələyə dair məruzənin hazırlanmasında əməkdaşlıq etməməsini qəti pisləyir. Assambleya belə rəftarı Avropa Şurasının tamhüquqlu üzvü olan bir ölkənin öhdəlik və vəzifələrinə zidd hesab edir”.

Deputat Bosniya və Herseqovina parlamentinə göndərilən anonim məktubun dərhal ictimaiyyətə ötürüldüyünü, ölkə parlamentinin deputatı, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Mladen Bosiç məktubla bağlı hər yerdə müsahibələr verərək erməni nümayəndə heyəti ilə görüşdüyünü və eyni ittihamları eşitdiyini deyib və xanım Markoviçi bir xristian kimi ermənilərin əleyhinə olan sənəd hazırlamaqda ittiham edib:

“M.Markoviç isə yerli mətbuata müsahibəsində bildirib ki, məktubun müəllifi barədə araşdırma aparıb və onun Bosniya və Herseqovinanın AŞPA yanında daimi nümayəndəliyinin səfiri Predraq Qrqiç olduğunu aşkar edib. Xanım Markoviç dərhal səfirlə əlaqə saxlayıb. O, əvvəl bunu inkar etsə də, sonradan məktubu Mladen Boşiçin xahişi ilə yazdığını etiraf edib. Predraq Qrqiç, eyni zamanda, bu məktubun ictimaiyyətə ötürülmək üçün nəzərdə tutulmadığını və sırf Bosiçi məlumatlandırmaq üçün hazırlandığını bildirib.

Bosniya və Herseqovina KİV-lərində yayılan məlumatlara əsasən, keçmiş məruzəçi Markoviç həm bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Bosiçi, həm də səfir Qrqiçi məhkəməyə verib və bu barədə bütün mətbuat orqanlarını məlumatlandırıb. Hadisələrin gedişindən ciddi narahat olan səfir Qrqiç ölkə KİV-lərinə müraciət edərək deputat Mladen Bosiçin onu aldatdığını, onun məktubunun mətbuata verilməsinin ucuz və məsuliyyətsiz bir hərəkət olduğunu bildirib. Yerli mətbuat, eyni zamanda, bildirir ki, Qrqiçin bu bəyanatından sonra Bosiç jurnalistlərə cavab vermir.

Beləliklə, ermənilərin ölkəmizə qarşı növbəti təxribatı tam iflasa uğrayıb”.

Femida.az

Açar sözlər:

Oxunub: 1305