Ehtiyatda olan generallar icra başçısı təyin edilsin! - Siyavuş Novruzov


19:25     16 Dekabr 2016 siyavush_novruzov_12314.jpg

“Dondurulmuş münaqişə odur ki, hər an müharibə alovlana bilər. Aprel döyüşləri də bunu göstərdi”.


Femida.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxış edən parlamentin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib .

Komitə sədri bildirib ki, biz hər an belə vəziyyətlərə hazır olmalıyıq: “Azərbaycanda kifayət qədər ehtiyatda olan hərbçi var, lazım olarsa, onlardan istifadə etmək olar. 1990-cı illərdə olan döyüşlərdə vətənpərvərlər ermənilərin qarşısında dayanıb, müqavimət göstərdilər. O zaman tam formalaşmış ordu yox idi. Vətənpərvərlər döyüşdü. Belə olmasaydı, ermənilər Kür çayına qədər gəlib çıxacaqdılar. Bu mənada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən yaş həddində olan insanları siyahıya almalıdır. 6 aydan bir onlara təlim keçilməlidir. Əsas döyüşləri müqavilə əsasında çalışanlar aparır. 18 yaşına çatanlar isə xeyli təcrübə keçməlidirlər”.

O vurğulayıb ki, mətbuatda ordu ilə bağlı gedən yazılara ciddi nəzarət olmalıdır:

“Düzdür, nəzarət var, amma bəzi xaricdən idarə olunan media orqanları məlumatlar yayırlar. Bunun qarşısı alınmalıdır. Müharibə şəraitində olan ölkədə ordu ilə bağlı xəbərlər yalnız Müdafiə Nazirliyinin yaydığı kimi olmalıdır”,-deyə S.Novruzov vurğulayıb.

Siyavuş Novruzov, həmçinin ehtiyatda olan generalların cəbhə bölgələrdəki rayonlara İcra başçısı təyin edilməsini təklif edib.

O, qeyd edib ki, vaxtı ilə Heydər Əliyev ehtiyatda olan generalları icra başçısı təyin edirdi: “Məhz cəbhə bölgəsinə və yaxud müharibə gedən rayonlarda belə təyinatlar olurdu. İndi də bizim ehtiyatda olan, dövlətinə sadiq xeyli generalımız var. Bu praktikanı yenidən tətbiq etməliyik”.

Femida.az

Açar sözlər:

Oxunub: 1083