Gəlinliyi kəfənə dəyişənlər – ARAŞDIRMA


19:48     24 İyul 2015 pb-110518-bride-sequence.photoblog900.jpg

Cəmi 2 ay əvvəl toy çalınıb, gəlin gətirilən evdən təzə gəlinin meyiti çıxır. Daha bir gəlin isə toy gününün axşamı özünü körpüdən atır.


Son günlər yeni ailə qurmuş qadınların ard-arda intihar xəbərləri gəlir. Elə dünən iki ay əvvəl əmisi evinə gəlin köçən 19 yaşlı Bərdə rayon Saatlı kənd sakini Aytac Cabbarova silahı ürəyinə dayayaraq özünə atəş açıb. Hadisə baş verən zaman evdə heç kim olmayıb. Güllə səsini eşidərək həyətdən evə gələn baba isə gördüyü mənzərə qarşısında dəhşətə gəlib. Buna bənzər hadisə bir müddət öncə Tovuz rayonunda da baş vermişdi. Belə ki, 18 yaşlı Aytən Nəzərova toy gecəsi gəlin getdiyi evdən qaçaraq, intihar edib. Toydan təxminən 1 ay əvvəl ana babasının evinə qaçırılan qızın ailələrində el adətincə barışıq da olub. Toy günün axşamı isə intihar edib.

Bu ilin may ayında isə Masallı rayonundan olan 17 yaşlı Səbinə Kərimova adlı gənc qız toyundan öncə gəlinlik əvəzinə kəfəni seçmişdi. Onun nişanlı olduğu, lakin nişanlısını sevmədiyi, buna görə də intihar etdiyi deyilirdi.

Bu cür ailə faciələri sayı ötən illərlə müqayisədə çoxdur desək yanılmarıq. Bəs görəsən 17-20 yaşlı gəlinlərin toydan bir müddət sonra intihar etmələrinə səbəb nədir?

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, yeni ailə qurmuş gənclərin xüsusən də erkən nikaha məcbur edilənlərin intiharı çox ciddi siqnaldır.

“Ailə Azərbaycan qadını üçün ən ülvi, ən xoş bir hadisədir. Gənc qadın bu evlilikdən çox xoşbəxt olmalı, ölüm haqqında düşünməməlidir. Adətən, ailənin mahiyyətini dərk etməyən gənc qız belə evlilyi bir prestij hesab edir. Hətta yaşıdları arasında seçildiyindən özünü üstün sayır.”

Təşkilat sədrinin sözlərinə görə, təzə gəlinlərin intihar etməsinin əsas səbəblərindən biri məcburi nikahlardır:

"Məcburi ərə verilən gənc qız istəmədiyi halda cinsi zorakılığa məruz qalır. Bunun nəticəsi olaraq da, çıxış yolunu intiharda tapır. Çünki onlar özlərini müdafiəsiz və köməksiz hesab edirlər. Evlilikdən müəyyən müddət keçdikdən sonra gəlinin özünü öldürməsi isə ona edilən işgəncələr və mənəvi zorakılıqlarla bağlı olur”

Mehriban Zeynalova isə hesab edir ki, iki aylıq və ya bir günlük gəlinlərin intiharı ilə bağlı müxtəlif versiyalar ola bilər.

“Əgər iki aylıq gəlin intihara əl atırsa burada bir neçə amil rol oynaya bilər:

- Qurduğu xəyallar ilə real yaşam arasında ziddiyyət;
- Psixoloji zorakılıq - Gənc gəlinin yeni köçdüyü ailənin davranış modelini mənimsəməsəsində yaranan söz-söhbət;
- Seksual zorakılıq - Hansı ki, qadın bu barədə məlumatlı deyil və cinsi münasibətlərdə hər hansı fərqli təklif onun dünyagörüşü və tərbiyəsi ilə uyğunsuzluq təşkil edə bilər;
- Kişinin cinsi zəifliyi – Azərbaycanda adətə görə toy gecəsinin tələbləri var. Qadının bakirəliyi ilə bağlı hər hansı şübhələrin tərəflər arasında müzakirə olunmadan hadisəyə birmənalı yanaşıb qəti rəy vermək intihara səbəb ola bilər;
- Şəxsin intihara meyilliyi - Hər hansı səbəb onun bu addımı atmasını tezləşdirə bilər;
- Bəzi qızlarda ailə qurmazdan öncə platonik sevgi yaşamı olur. Həmin sevgiyə etibarını sübut etmək üçün intihar edərək sevgiyə sadiqliyini göstərə bilər”.

Mehriban Zeynalovanın sözlərinə görə, yeni ailə quran gənclərin tibbi müayinədən keçməsi mütləqdir:

"Biz ictimai birlik olaraq, hər zaman bu məsələni qaldırırıq ki, evlənməyə ərizə verən şəxslərlə bağlı müddət 1 aydır. Bu müddətin uzadılması vacibdir. Bu həm bəzi xəstəliklərin aşkarlanması üçün gərəklidir, həm də bu müddət ərzində məcburi olaraq, nikaha girən şəxslər psixoloji və hüquqi yardım ala bilərlər. Bu xidmətlər isə pulsuz olmalıdır. Hesab edirəm ki, nikaha girən şəxslərin psixoloji durumuna psixoloqlar tərəfindən rəy verilməlidir ki, bu adam zorakılığa meyillidir, ya yox. Həkim sirri olsa da, xəstənin psixoloji durumu ilə bağlı psixoloqlar qarşı tərəfi məlumatlandırmalıdır”

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 5249


Oxşar xəbərlər