Hakimin oğlunun öldürüldüyü anın VİDEOsuna baxıldı


03:16     25 Yanvar 2017 mehkeme355.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə törətdiyi qəzada öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiq mərhələsi davam etdirilib və baş verən hadisənin videogörüntüsünə baxılıb.

R.Kərimovun vəkili Orxan Əhmədov növbəti iclasda məhkəmə tərkibinə şifahi etiraz edəcəyini deyib. Hakim isə bildirib ki, məhkəmə tərkibinə etiraz yazılı olmalıdır. Proses yanvarın 31-də davam etdiriləcək.

İttihama görə, bu il mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində Bakı şəhər sakini R.Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobil piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib. Hadisədən sonra R.Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə nəticəsində dünyasını dəyişən 19 yaşlı R.Allahverdiyev Tərtər Hərbi Məhkəməsinin hakimi E.Allahverdiyevin oğludur. O, ADA Universitetində 3-cü kurs tələbəsi olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1094