Tütün məmulatlarının reklamına qadağa qoyuldu


22:52     25 Yanvar 2017 blank.jpg

Azərbaycan prezidenti İlham Əliyev “Tütün və tütün məmulatı haqqında” qanuna edilmiş dəyişiklikləri təsdiqləyib.


Femida.az-ın məlumatına görə, qanuna edilmiş əlavə və dəyişikliklərə əsasən, tütünün, tütün məmulatının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının və alışqanlarının reklamı qadağandır.

Qanuna əlavə edilən 20.3-cü maddədə isə qeyd olunur ki, tütün və tütün məmulatının istehsalı və ya satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" qanunun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər.

Bundan başqa Azərbaycan prezidenti İlham Əliyev “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunda dəyişikliyi təsdiqləyib. Qanuna edilmiş əlavə və dəyişikliklərə əsasən, qanunun 16-cı maddəsinin mətni aşağıdakı redaksiyada verilib: “Transplantasiya barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərdə, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər”.

Eyni zamanda Azərbaycan prezidenti İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb. Qanuna aşağıdakı məzmunda 602-1-ci maddə əlavə edilib:

602-1.1. “Lisenziyalar və icazələr” haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların həmin qanunla müəyyən edilmiş müddətdə və qaydada lisenziya və icazə verən orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanına, səlahiyyətli orqana və lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına verilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

602-1.2. Sahibkarın müraciəti əsasında lisenziya və icazə verən orqan tərəfindən səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verilməməsinə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki yardım göstərilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

602-1.3. Dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə əldə edilməsi mümkün olan sənədlərin lisenziya və icazə verən orqan tərəfindən ərizəçidən tələb olunmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

602-1.4. Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi üçün qanunvericiliyə uyğun olaraq, aidiyyəti dövlət orqan və müəssisələrinin tələb olunan rəyinin (razılığının) və verməli olduqları sənədlərin (icazələrin, aktların və s.) alınması üçün lisenziya və icazə verən orqan tərəfindən tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

602-1.5. Lisenziya və icazə verən orqanın müraciəti ilə bağlı aidiyyəti dövlət orqan və müəssisələri tərəfindən mənfi rəyin, habelə razılığın verilməsindən imtinanın “Lisenziyalar və icazələr” haqqında qanuna uyğun olaraq əsaslandırılmamasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

“Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanuna dəyişiklik qüvvəyə minib. “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanunun 2-ci maddəsində “yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara” sözləri “3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə” sözləri ilə əvəz edilib.

Açar sözlər:

Oxunub: 974