İntihardan sonra sorğu-suala tutulan yaxınlar – Qanun nə deyir?


18:28     27 Yanvar 2017 23a.jpg

Bilindiyi kimi, intihar hadisələrindən dərhal sonra mərhumun valideynləri, yaxın qohumları istintaq orqanları tərəfindən sorğu-suala tutulur. Beləliklə, faciənin şokunu yaşayan ailə bir tərəfdən də müstəntiqlərin suallarını cavablandırmaqla çətin duruma düşür.


Femida.az istintaq orqanı əməkdaşlarının bu hərəkətinin qanuna zidd olub-olmadığını araşdırıb.

Hüquqşünas Nicat Gözəlov hesab edir ki, istintaq orqanlarının bu cür davranışı təqdirəlayiqdir:



“Prokurorluq orqanı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə bu cür işlərin araşdırmasını aparır. İntihar hadisəsindən dərhal sonra yaxınlarının izahatının alınması təqdirəlayiq haldır. Elə hallar olur ki, əvvəlcə öldürüb sonra asırlar, yaxud da dərmanı məcburən boğazına tökürlər. Yəni prokurorluq orqanı araşdırmaya dərhal başlamalıdır. Mərhumun son yazışmaları, danışıqları, görüşləri, ailəsi ilə münasibətləri dərhal araşdırılmalıdır ki, əgər cinayətdirsə, cinayətkarın izinə tez düşə bilsinlər. Buna görə də istintaq orqanlarının əməlləri düzgün qiymətləndirilməlidir”.

Kriminalist İlqar Altay bildirdi ki, būtūn intihar hadisələrinə ciddi yanaşılır:



“Əvvəla, ortada insan ölümü var və bu, adi xəstəlikdən deyil, fiziki təzyiqdən baş vermiş ola bilər. İstintaqı maraqlandıran əsas məsələ isə şəxsin qəsdən öldürülüb intihar kimi qələmə verilməsi halını araşdırmaqdır. Ola bilər ki, şəxs intihar etməyə məcbur edilsin. Bunlar hər ikisi cinayət əməlidir və prokurorluq bu cür halların olub-olmamasını mütləq araşdırmalıdır. İlkin olaraq özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılır. Sonrakı araşdırma prosesində aydın olur ki, cinayət işi bu maddə ilə davam etsin, yoxsa daha ağır, qəsdən adam öldürmə maddəsinə keçid edilsin, yaxud da adi intihar hadisəsi kimi işə xitama verilsin. Ona görə də araşdırma prosesində intihar etmiş hesab edilən şəxsin yaxın qohumları, tanışları və bütün əlaqələri iş üzrə yoxlanılır. Bu halda yaxın doğmalardan izahat, yaxud ifadələr prosessual qaydada vəziyyətdən asılı olaraq evdə də, polis şöbəsində alına bilər”.

İlqar Altayın fikrincə, kəskin ehtiyac varsa və işin açılması lengimədən tələb edilirsə, etik qaydalarla ata-anaya izah edilib sorğu alına bilər.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3842


Oxşar xəbərlər