Şəhidimizin nəşi hələ də qaytarılmayıb - 1 ay keçdi


14:31     30 Yanvar 2017 1484037758_chingizesger.jpg

Ötən ilin dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi hələ də geri qaytarılmayıb. Əsgərimizin şəhid olmasından artıq bir ay ötür.


Düşmən tərəfi Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq qurumların çağırışlarına məhələ qoymur, qeyri-insani simasını nümayiş etdirir. Bu fakt bir daha sübut edir ki, Ermənistan tərəfi baş vermiş hadisənin humanitar mahiyyətini arxa plana keçirməyə, ondan siyasi dividend qazanmaq üçün vaxt udmağa və daxili ictimai rəyə hesablanmış fəaliyyətə cəhd edir.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası aidiyyəti beynəlxalq təşkilatları Ermənistanın bu qeyri-humanist fəaliyyətini dayandırması, Cenevrə Konvensiyalarının tələblərinə əməl olunması və həlak olmuş Azərbaycan hərbçisinin meyitinin qaytarılması üçün zəruri tədbirlər görməyə çağırıb.

Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev şəhidin meyitinin qaytarılması ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb. M.Quliyev Azərbaycan-Ermənistan sərhədində baş vermiş silahlı insidentdə şəhid olmuş hərbçimizin meyitinin alınması ilə bağlı məsələnin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu və bununla əlaqədar dövlət başçısı tərəfindən zəruri göstəriş və tapşırıqların verildiyini qeyd edib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova mətbuata açıqlamasında prosesin yubanmasının səbəbini açıqlamışdı: “Biz başa düşürük ki, Ermənistanda hadisə ilə bağlı istintaq gedir. Buna baxmayaraq, meyit ailəyə mümkün qədər tez qaytarılmalıdır. Biz meyitin təhvil verilməsində neytral vasitəçi kimi yardımçı olmağa hazırıq”.

Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.

Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

Femida.az

Açar sözlər:

Oxunub: 2540