Xoşbəxt həyatı kabusa çevrildi - Rainanın həbsxana həyatı


19:01     09 Fevral 2017 raina.png

Hazırda həbsxana həyatı yaşayan Raina Əhmədova Gürcüstan vətəndaşıdır. O, Tiflis şəhərində doğulub boya-başa çatıb.


Həyatının uşaqlıq illərini xatırlayan Raina başına gələnləri aşağıdaki kimi nəql edir:

“Çox yaxşı uşaqlığım olub. Bir bacı, bir də qardaş idik. Qardaşım məndən böyük idi. Anam tibb bacısı işləyirdi, atam isə mühasib idi. Sonradan atam vəfat etdi. Tibb universitetinə qəbul oldum, daha sonra isə övladlarımın atası məni qaçırdı. Nəticədə təhsilim yarımçıq qaldı”.

Raina 1995-ci ildə ailə həyatı qurur. Həmin ilin iyul ayında isə Bakıya köçür:

“Yoldaşım Bakıda bizneslə məşğul olurdu. Bakıda uşaqlarım dünyaya gəldi. Bir oğlum, iki qızım var. 2006-cı ilə qədər Bakıda yaşadım. 2004-cü ildə həyat yoldaşım dələduzluq üstündə həbs olundu. Həmin vaxt anam Türkiyədə yaşayırdı. 2006-cı ildə Türkiyəyə onun yanına köçdüm. Türkiyədə bir yaşlı kişiyə qulluq edirdim”.

Sonradan həyat yoldaşının digər cinayətləri də ortaya çıxır. Onun adam qətlə yetirdiyi məlum olur. Aparılan araşdırmaların nəticələrinə görə, Rainanı da cinayətdə iştirakına, yaxud hadisəni bilib gizlətdiyinə görə həbs edirlər.

“Yoldaşım 2003-cü ildə bir neçə şəxslə birlikdə iki nəfəri qətlə yetiribmiş. Cinayətin törədilməsində mənim də əlimin olduğunu dedilər. 2009-cu ildə barəmdə axtarış elan olundu. Məhkəmə mənə 12 il azadlıqdan məhrumetmə cəzası verdi. 15 ay Türkiyənin Samsun şəhərində həbsxanada qaldım. Sonra təyyarə ilə Bakıya gətirildim. Hazırda Gürcüstana ekstradisiya olunacağım günü gözləyirəm. Arzum yenidən övladlarıma qovuşmaqdır”, - deyə o başına gələnləri nəql edir.



Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2227