Yeznəsini bıçaqlayanın cəzası yüngülləşdirildi


21:04     09 Fevral 2017 mehkeme076.jpg

2015-ci il noyabrın 13-də mübahisə zəmnində bacısının ərini bıçaqlayan təqsirləndirilən şəxs Məmmədov Zülfüqar Xaləddin oğlunun məhkəmə prosesi yekunlaşıb.


Femida.az-ın məlumatına görə, Apellyasiya şikayəti əsasında işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Vidadi Cəfərovun sədrlik etdiyi məhkəmə baxışının yekununda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilərək Zülfüqar Məmmədovun əməli daha yüngül maddəyə - Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edələrək onun cəzası 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilib.

İbtidai istintaq tərəfindən Məmmədov Zülfüqar Xaləddin oğluna Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə verilmiş ittiham Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən təsdiqlənərək məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Zülfüqar Məmmədovun vəkili Sadiq Əfəndiyevin sözlərinə görə, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi ədalətli qərar çıxarıb.





“Təqdir olunmalı haldır ki, apellyasiya qaydasında işə baxan məhkəmə ibtidai istintaqın və işə baxmış Bakı Ağır Cinayətlər Məhkəməsinin, eləcə də məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokurorun əsassız mövqeyini deyil, qanunveruiciliyin tələblərini rəhbər tutub verdiyimiz apellyasiya şikayətini təmin edərək təqsirləndirilən şəxsin barəsində ədalətli qərar qəbul etdi.”

Xatırladaq ki, hadisə 2015-ci ilin noyabrında Qubada baş verib.

Təqsirləndirilən şəxs Məmmədov Zülfüqar Xaləddin oğlu, mübahisə zəmnində bacısı Güllər Əzimovanın qeyri-rəsmi nikah münasibətlərində olduğu Novruzov İbrahim Adil oğlunun qarın nahiyyəsindən bir dəfə zərbə ilə vuraraq, ağır zərər vurmaya aid bədən xəsarətləri yetirib.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1852