NİDA-çının şikayəti təmin olunmadı


19:43     10 Fevral 2017 6f5d7172-62b7-4934-9234-f1075615c4b3.jpg

Bu gün Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Hakim Həsən Əhmədovun sədrliyi iləkeçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, B.Məmmədovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə 2 kq-dan artıq heroin götürülüb.

Məhkəmə prosesində B.Məmmədov ona sürülən ittihamlarla razılaşmadığını və günahsız olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan B.Məmmədov apellyasiya şikayəti verib.

Femida.az

Açar sözlər:

Oxunub: 1220