Ədliyyə naziri gürcüstanlı həmkarı ilə görüşüb


01:17     11 Fevral 2017 10022017.jpg

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Bakıda səfərdə olan Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani ilə görüşüb


Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərindən bəhs olunub.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən nazir T.Tsulukiani dost ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişafını, beynəlxalq təşkilatlarda daim bir-birini dəstəklədiyini vurğulayıb. Qonaq iki ölkənin ədliyyə orqanlarının hüquqi yardım və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyətini qeyd edərək bu əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib, Azərbaycanın ədliyyə və məhkəmə sahəsindəki nailiyyətlərinə, bu sahədə müsbət təcrübəsinə, o cümlədən elektron məhkəmənin tətbiqinə maraq göstərərək təqdir edib. Xanım nazir həmçinin, öz ölkəsinin ədliyyə və məhkəmə-hüquq sistemi, həyata keçirilən islahatlar barədə məlumat verərək qarşılıqlı fəaliyyətin genişləndirilməsinə hazır olduğunu, təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edib.

Görüşdə iki ölkənin ədliyyə qurumları arasında əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, mediasiya institutunun tətbiqi və digər maraq doğuran məsələlərə dair faydalı fikir mübadiləsi aparılıb.

Tədbirdə Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze iştirak edib.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Femida.az

Açar sözlər:

Oxunub: 1154