Fələstinlə siyasi məsləhətləşmələr keçirilib


23:04     16 Fevral 2017 felestin-160217.JPG

Azərbaycan Respublikası və Fələstin Dövləti arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib.


Azərbaycan XİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bu gün keçirilən məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Fələstin Dövlətini isə xarici işlər nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiya təmsil edib.

X. Xələfov Azərbaycanla Fələstin arasında tarixi köklərə malik olan əlaqələrin uğurla inkişaf etdiyini bildirib. O, Azərbaycanın beynəlxalq səviyyədə Fələstini hərtərəfli dəstəklədiyini vurğulayıb.

X. Xələfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həmkarına ətraflı məlumat verib.

Mazen Şamiya Fələstinin Azərbaycan ilə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. O, Azərbaycanın Fələstinə beynəlxalq səviyyədə verdiyi dəstəyin və göstərdiyi humanitar yardımın ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Mazen Şamiya Fələstinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirərək, regionun lider dövləti kimi Azərbaycanın hərbi və iqtisadi gücünün artmasının münaqişənin sülh yolu ilə həllinə zəmin yaratdığını deyib. Azərbaycanın multikulturalizm, tolerantlıq və dini-mənəvi dəyərlərin qorunub saxlanılması, onların inkişafına böyük töhfə verdiyini bildirən fələstinli nazir müavini Azərbaycanın İslam dünyası üçün bir nümunə olduğunu və İƏT çərçivəsində ölkəmizin gördüyü işlərin yüksək qiymətləndirildiyini vurğulayıb.

X. Xələfov müsəlman dövlətləri arasında islam həmrəyliyinin gücləndirilməsində ölkəmizin rolu və əhəmiyyəti haqqında danışaraq, bu xüsusda ölkə başçısının sərəncamına uyğun olaraq, 2017-ci ilin “İslam Həmrəyliyi” ili elan olunmasına diqqəti çəkib. Həmçinin ölkəmizin 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyini qeyd edən X. Xələfov, bütün bu tədbirlər və görüləcək işlərin dövlətimizin, həmçinin Prezident cənab İlham Əliyevin İslam dininə, müsəlman dünyasının həmrəyliyinə verdiyi yüksək dəyərin bariz göstəricisi olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan və Fələstin arasında yüksək qarşılıqlı səfərlərin sayının artırılması, kənd təsərrüfatı, humanitar, turzim, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi kimi məsələlər müzakirə olundu və bir sıra digər sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş fikir mübadiləsi də aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 823


Oxşar xəbərlər