Saytlarımız hansı ölkələrin hədəfindədir? Kibercinayət – ARAŞDIRMA


22:58     03 Avqust 2015 ciber%20at1.jpg

XXI əsrin bəlası – Kiber cinayətləri


Necə edək ki, övladımız bu cinayətin qurbanı olmasın?

Müasir həyatı internetsiz təsəvvür etmək olmaz. Azərbaycanda elektron hökumət sisteminə keçid və müəssisə, idarə və təşkilatların elektron xidmətlər göstərməsi ilə əhalinin internetlə bağlılığı daha da artdı. Çoxları internetdən gələn təhlükələrdən xəbərsizdir.

Söhbət kiber, yaxud virtual cinayətlərindən gedir.

İnternetdə qarşımıza çıxan kiber hücumlar normal həyatdakı zorakılığın virtual formasıdır. Məqsədli şəkildə tətbiq olunan bu hücumlarda hüquqi və fiziki şəxslər, o cümlədən müxtəlif dövlət müəssisələri, idarə və təşkilatlar ciddi təhdid, şantaj və təhlükə ilə qarşı-qarşıya qalır.

Kiber hücumlar iki şəkildə özünü göstərir:

Birincidə şəxslərin internetdəki parolları ələ keçirilir, veb səhifələrinə hücumlar təşkil edilir, virus daşıyan və spam mesajlar göndərilir. Bununla da istifadəçilərə ciddi maddi-mənəvi zərərlər dəyir.

İkinci hal isə daha təhlükəlidir. Bu halda təhqir, şantaj və digər vasitələrlə şəxslərə psixoloji hücumlar təşkil edilir.



Statistikaya baxsaq, görərik ki, kiber hücumlarına ən çox azyaşlılar məruz qalır. Çünki, azyaşlılar və gənclər yetkin şəxslərə nisbətən virtual aləmlə daha sıx bağlıdır. Kiber hücumlarına məruz qalan azyaşlılar və gənclər özlərinə və ailələrinə ciddi zərər verəcəkləri ilə bağlı təhdidlər aldıqları üçün qorxub bu durumu ailələrinə bildirmir. Bu durum onlarda çox ciddi psixoloji problemlər yaradır. Yaşadıqları bu vəziyətə görə intihar edən şəxslər də mövcuddur. Azyaşlılar və gənclərin bu cür virtual hücumlarda hədəf seçilməsində məqsəd ondan ibarətdir ki, onlar yetkinləşmə çağında olduqları üçün bu cür hücumların qarşısında aciz qalırlar.

Övladlarınız kiber hücumlara məruz qalıb bizə deməyə bilər. Lakin biz onların bəzi hal və hərəkətlərindən məruz qaldıqları bu hücumu anlaya bilərik.

Məsələn, internetdən mütəmadi olaraq istifadə edən biri əgər artıq internetdən istifadədən qaçırsa və ya internetdən əvvəlki vaxtlara nisbətən həddindən artıq çox istifadə edirsə, və yaxud daxil olduğu saytları sizdən gizlədirsə, onlarda panika və qorxu halı müşahidə edirsinizsə, ehtiyatlı olun!!

Bu kimi hallarda övladınızla bir dost kimi ünsiyyət qurmağa çalışın. Əgər ünsiyyət yarada bilmirsinizsə, mütləq psixoloqa müraciət edin.

Dünyada kiber hücumları təşkil edən müxtəlif təşkilatlar da mövcuddur. Bu zaman hücumların miqyası geniş olur və əsasən bir toplum, cəmiyyət və dövlət hədəf olaraq seçilə bilir. Ölkəmizə həm xaricdən hücumların təşkil edilməsinin dəfələrlə şahidi olmuşuq.



Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının saytının haker hücumuna məruz qalması problemin aktuallığını yenidən gündəmə gətirib. Belə ki, erməni hakerlər kinostudiyanın saytına hücumu edib və erməni zabiti Qurgen Markaryanın şəklini ora yerləşdiriblər.

Həmçinin, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Beynəlxalq İnkişaf Agentliyinin rəsmi internet səhifəsinə (www.aida.az) də kiber hücumu olub. Saytın ana səhifəsində yerləşdirilən məlumatda bu kiber hücumun erməni terror təşkilatı ASALA-nın rəhbərlərindən biri olan terrorçu “Monte Melkonyan kiber qrupu” tərəfindən törədildiyi qeyd olunub. İnternet səhifəsinin fəaliyyəti qısa müddət ərzində bərpa edilsə də, haker hücumlarının dövlətimiz üçün nə dərəcədə təhlükəli olduğunu bir daha gündəmə gətirdi.

Xaricdən gələn hücumların əksəriyyəti erməni hakerlər tərəfindən təşkil edilir. Ölkəmizin hərtərəfli inkişafına qısqanclıqla yanaşan ermənilər dəfələrlə Azərbaycanın özəl və dövlət saytlarına kiber hücumlar təşkil edirlər. Avropa Oyunlarının Bakıda keçirilməsi zamanı saytlarımızı bu cür hücumlardan qorunmaq üçün Xüsusi Dövlət Mühafizə Xidməti gucləndirilmiş fəaliyyətə keçdi və dövlət saytlarına nəzarət gücləndirildi. Nəticə etibarilə oyunlar davam edən zaman ciddi təhlükə ilə qarşılaşmadıq.

Erməni hakerlərin saytlarımıza hücumu tez-tez baş verir. Erməni terrorizmi, Dağlıq Qarabağla bağlı dərc olunan yazılar bir qayda olaraq erməni hakerlərin hücumuna məruz qalır. En.Azvision.az saytının ”Armenian journalist Makes Public Facts on Mass Killings of Azerbaijanis in Armenia” adlı məqaləsi sayta yerləşdiriləndən bir müddət sonra haker hücuma məruz qaldı və məqalə saytdan silindi. Həmin saytın ”Armenians and Terror Chronology” adlı araşdırması eyni qayda ilə erməni hakerlərin hücumuna məruz qaldı. Bu kimi hücumlar ermənilər tərəfindən mütəmadi olaraq təşkil olunur. Onlar öz yalanlarını ört-basdır etmək üçün bu vasitələrə əl atırlar və dünya ictimaiyyətinin tarixi həqiqətləri öyrənməsinə hər vasitə ilə mane olurlar.

Bəzi hallarda İran istiqamətindən də virtual hücumlara məruz qalırıq. Femida.az-ın “Freedom House”, yoxsa demokratiya kələyi” adlı araşdırmasında ölkədə mövcud olan İran meyilli radikal-dini saytların adı çəkilmişdi. Yazı sayta yerləşdirildikdən bir qədər sonra sayt İran istiqamətindən kiber hücumlarına məruz qaldı və nəticədə, Femida.az saytı bir müddət fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı.



Bir çox hallarda fiziki və hüquqi şəxslər kiber hücumlarına məruz qalaraq böyük məbləğdə maddi zərərə uğrayırlar. Kiber hücumlarına ən çox məruz qalan hüquqi şəxslər banklardır. Kiber cinayətkarları banklara və istifadəçilərin bank hesablarına daxil olaraq oradakı maliyyəni başqa hesablara yönləndirirlər.

Bəs banklara və pul hesablarına necə müdaxilə etmək mümkündür?

Kiber cinayətkarlar əvvəlcə bankların iş strukturunu öyrənməyə nail olurlar. Bunun üçün onlar hədəf seçdikləri bankın kompüterlərinə elektron poçt göndərirlər. Hakerlər göndərdikləri məktubları maksimal dərəcədə etibarlı ünvandan gəldiyinə bənzədirlər. Nəticədə həmin məktubu almış bank əməkdaşında şübhə yaranmır və o, məktubu açır. Məktuba qoşulmuş əlavədə isə hakerlər bank işçisinə gizli Troyan virusunun kodunu da göndərirlər. Vruslu məktub bank işçisi tərəfindən açıldığı anda həmin kompüter virusu işə düşür və bankın komyuterlərinə yayılmağa başlayır. Hakerlərin göndərdiyi virus bütün bank əməliyyyatlarını, əməkdaşların şəxsi məlumatını, parol və loginlərini yadda saxlayaraq məlumatı kiber qarətçilərə ötürür.



Əsas mərhələ sonra başlayır…

Növbəti mərhələ bankın işi xırdalıqlarına qədər öyrənildikdən sonra başlayır. Hakerlər virusun göndərdiyi məlumatlar əsasında bank əməkdaşının keçirdiyi əməliyytatları dəqiqliyinə qədər təkrarlayır. Bu halda saxta bank əməliyyatını həqiqi bank əməliyyatından seçib ayırmaq mümükün olmur, çünki bank kompüteri aldğı əmrləri bank əməkdaşından gəldiyini zənn edir. Bank komüterlərini özlərinə tabe etdikdən sonra, kiber-qanqsterlər həmin bankdakı pulları xarici bank hesablarına köçürməyə başlayırlar. Hakerlər eləcədə bankomatlara günün müəyyən saatında və dəqiqəsində pul çıxarmaq əmri verə bilirlərmiş. Onların müəyyən etdikləri vaxta hədəfə keçmiş bankomatın önünə dəstənin göndərdiyi adam yaxınlaşıb bankomatdan çıxan pulu götürüb aradan çıxır.

Son dövrlər kiber hücumlara ən çox məruz qalan ölkələr ABŞ, İngiltərə, Almaniya və Fransadır. Türkiyə də bu sahədə ilk onluqda yer alır. Türkiyə gün ərzində 15 min kiber hücuma məruz qalır. Ən çox da haker hücumlarına məruz qalan ölkə ABŞ-dır. ABŞ-a qarşı kiber hücumlarını İran, İraq, Şimali Koreya, Çin və Rusiya təşkil edir. Kiber hücumlarına ən dayanıqlı ölkələr İsrail, Finlandiya və İsveçdir. Dövlətlər kiber hücumlarının qarşısını almaq üçün önləyici tədbirlər görürlər. ABŞ kiber təhlükəsizlik üçün hər il 10 milyard dollar pul xərcləyir.

Belə bir sual yaranır: Görəsən Azərbaycan başlayacaq olası bir müharibəsinə hazırdırmı və kiber hücumlarından müdafiə necə təşkil olunub?

Femida.az bu sualı cavablandırmaq üçün Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz ilə əlaqə saxladı.

Son dövrlər bu sahədə ciddi işlərin görüldüyünü bildirən Osman Gündüz aşağıdakı fikirləri söylədi:



“Son dövrlərdə bu istiqamətdə xeyli addımlar atıldı. Həm dövlət, həm də qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyinin qorunması üçün müəyyən işlər görülüb. Yəni həm qanunvericilik təkmilləşdirildi, həm bununla bağlı müvafiq dövlət qurumları yaradıldı, həm də ki texniki-texnoloji istiqamətdə müəyyən işlər görüldü. Avropa Oyunları davam edərkən ciddi bir təhlükə ilə qarşılaşmadıq. Çünki oyunlardan əvvəl qabaqlayıcı addımlar atılmışdı və müvafiq qurumlar bu istiqamətdə fəaliyyətini daha da genişləndirmişdi. Lakin bununla kifayətlənmək olmaz. Bizi istəməyən qüvvələr çoxluq təşkil etdiyi üçün hər an kiber hücumlarına qarşı hazırlıqlı olmalıyıq. Yəni düşünürəm ki, görülən işlərdən rahatlanmaq olmaz. Hesab edriəm ki, bu sahədə ilk növbədə kadrların hazırlanmasına xüsusi diqqət yetirilməlidir. Bundan başqa aidiyyatı qurumlar daima monitorinq aparmalıdırlar. Yəni mövcud internet resurslarının dayanıqlılığının yoxlanılması üçün tez-tez audit təşkil edilməlidir. Həmçinin bu sahəyə maliyyə yardımı artırılmalıdır. Nəticə etibarilə, bu günədək böyük uğurlar əldə etmişik və uğurlu təcrübəmiz var. Lakin bu uğurlarla kifayətlənmək olmaz və daha genişmiqyaslı tədbirlər görülməlidir”.

Nəzərə almaq lazımdır ki, Ermənistanla müharibə şəraitində yaşadığımız üçün təkcə hərbi yox, eyni zamanda informasiya müharibəsinə hər an hazır olmalıyıq. Ölkəmizə qarşı xaricdən təşkil edilən virtual hücumların arxasında sözsüz ki, erməni lobbisi dayanır. Toplum, cəmiyyət olaraq bu hücumlara daima ayıq olmalıyıq və bir vətəndaş kimi ölkəmizi informasiya müharibəsində müdafiə etməliyik.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2764


Oxşar xəbərlər